AZ

Problemli kreditlərin sayı ARTDI – Çıxış yolu nədir? 

Fevralın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, bu göstərici yanvarın 1-i ilə müqayisədə 6,3 faiz artım deməkdir. Son bir il ərzində isə problemli kreditlərin həcmi 17,35 faiz yüksəlib. Hazırda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edir. Ötən ilin sonunda bu rəqəm 1,6 faiz idi.

Rəqəmlər ilk baxışda yüksək risk siqnalı kimi görünməsə də, artım dinamikası diqqət çəkir. Kredit portfelinin böyüməsi fonunda problemli borcların da paralel artması həm bank sektoru, həm də əhali üçün müəyyən risklər yarada bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, 1,7 faiz göstəricisi hələlik kritik hədd hesab olunmur, lakin artım tempinin sürətlənməsi diqqətdə saxlanmalıdır.

Əkrəm Həsənov

Onun sözlərinə görə, son aylarda istehlak kreditlərinin genişlənməsi və əhalinin borclanma səviyyəsinin yüksəlməsi problemli kreditlərin artımında əsas rol oynayır:

“Hazırda bank sektorunda ümumi sabitlik qorunur. 1,7 faiz beynəlxalq standartlarla müqayisədə aşağı göstəricidir. Amma əsas məsələ dinamikanın hansı istiqamətdə getməsidir. Əgər artım davamlı olarsa, bu, gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Son dövrdə istehlak kreditləşməsi aktivləşib. İnsanlar daha çox borclanır. Amma gəlirlərin artımı eyni tempdə getmir. Xüsusilə inflyasiya və gündəlik xərclərin bahalaşması ailə büdcəsinə təzyiq göstərir. Nəticədə kredit ödənişlərində gecikmələr artır”.

Əkrəm Həsənovun fikrincə, problemli kreditlərin artmasında biznes sektorunda müşahidə olunan çətinliklər də rol oynayır:

“Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə yükü ağırlaşıb. Bəzi sahibkarlar üçün satış dövriyyəsi istənilən səviyyədə deyil. Xərclər artır, bazar rəqabəti sərtləşir. Bu isə kreditlərin qaytarılmasına təsir edir. Əgər iqtisadi aktivlik zəifləyərsə, problemli kreditlərin payı da yüksələ bilər.

Əhali kredit götürərkən yalnız aylıq ödənişi yox, ümumi borc yükünü və mümkün riskləri nəzərə almalıdır. Gələcək gəlirə arxayın olub borclanmaq düzgün deyil. Maliyyə savadlılığının artırılması vacibdir”.

Onun sözlərinə görə, əgər iqtisadi artım davamlı olarsa və real sektor güclənərsə, problemli kreditlərin xüsusi çəkisi sabit qala və ya azala bilər. Əks halda, artım tendensiyası bank sektorunda əlavə risklər yarada bilər.

Tunar
NOCOMMENT.az

Seçilən
7
nocomment.az

1Mənbələr