AZ

Beyləqanda Xocalıya həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

26 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
 
"Unikal"
xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ən ağır hərbi-siyasi cinayətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş bu faciə insanlığa qarşı cinayət kimi tarixə həkk olunub. Rayon rəhbəri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırıma hüquqi-siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan ardıcıl siyasətdən bəhs edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Əziz Əzizov həmçinin Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın milli birliyinin, güclü dövlət iradəsinin göstəricisi olduğunu və şəhidlərimizin qanının yerdə qalmadığını xüsusi vurğulayıb.
 
Daha sonra Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək Xocalı soyqırımının mahiyyəti, faciənin miqyası və nəticələri barədə ətraflı məlumat verib. O bildirib ki, həmin qanlı hadisələr Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olub və məqsəd Azərbaycan xalqını tarixi torpaqlarından didərgin salmaq idi. M.Səfərov Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışaraq, xüsusilə gənc nəslin milli ruhda tərbiyə olunmasının, tarixi həqiqətlərin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
 
Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon mədəniyyət nümayəndəsi Məhəmməd Qələndərov və digər natiqlər də çıxış edərək Xocalı soyqırımının xalqımızın qan yaddaşı olduğunu, bu faciənin heç zaman unudulmayacağını və unutdurulmayacağını bildiriblər. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların qəhrəmanlığının gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olduğu qeyd edilib.

Seçilən
25
50
unikal.az

10Mənbələr