AZ

AKP nin nümayəndə heyəti TÜRKPA nın Baş katibi ilə görüşüb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 fevral, AZƏRTAC

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavini və TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü Mahmut Rıdvan Nazırlı, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi rəhbərinin müavinləri Naim Makas və Temel Akyürek, eləcə də müşavir Muhammet Tolga Beşen daxil olub.

Nümayəndə heyətini salamlayan Baş katib görüşə görə minnətdarlığını ifadə edib. O, AKP-nin tərkibində yeni yaradılmış Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin strateji əhəmiyyətini vurğulayıb və Zorlunun Türk dünyası ilə bağlı geniş bilik və təcrübəyə malik olduğunu bildirib.

Müzakirələr zamanı Zorlu yaradılmasından cəmi bir il sonra Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsi tərəfindən “Türk Dünyası Vizyon Sənədi” adlı hərtərəfli sənədin hazırlandığını vurğulayıb. O, həmçinin qarşıda həyata keçirilməsi planlaşdırılan 1-ci Siyasət Forumunda TÜRKPA üçün xüsusi sessiyanın ayrılmasına hazır olduqlarını ifadə edib.

Müzakirələr zamanı TÜRKPA-nın genişlənən beynəlxalq fəaliyyətinə də toxunulub. Ramil Həsən TÜRKPA-nın fəaliyyətdə olan sədri Yerlan Koşanovun sədrliyi altında təşkilatın ATƏT Parlament Assambleyasında müşahidəçi statusunun əldə olunması üçün rəsmi müraciət etdiyini bildirib. Bundan əlavə, TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin zirvə görüşünün aprelin 16-da İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində keçiriləcəyi qeyd olunub.

Görüşün sonunda tərəflər Qazaxıstanda qarşıdan gələn referendum prosesinin uğurla başa çatması üçün qarşılıqlı olaraq səmimi arzularını çatdırıb.

Səmimi görüş xatirə hədiyyələrinin təqdim edilməsi ilə sona çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
azertag.az

3Mənbələr