AZ

Fələstinlə Ermənistan arasında ilk yaşandı: Bakının reaksiyası necə olacaq?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Fələstinin Ermənistana təyin etdiyi ilk səfiri İsa Kasisi Prezident Vaaqn Xaçatryanla görüşüb. Ermənistan prezideti Kasisinin etimadnaməsini qəbul edib.

Əvvəlki zamanlarda da Fələstin hökuməti ilə Ermənistan arasında yaxşı münasibətlər olub. Digər tərəfdən, Azərbaycan da Fələstin dövlətinin müstəqilliyini tanıyan və ona dəstək verən ölkələrdəndir.

Regionda baş verən bu mühüm dəyişiklik Fələstin–Azərbaycan münasibətlərində necə yansıyacaq? Fələstin “keçmiş səhvləri”ni düzəldəcək?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Fələstində, Suriyada, eləcə də Qüds şəhərində ermənilər yaşayır və ərəblərlə ənənəvi olaraq Türkiyəyə, əvvəllər isə Osmanlıya qarşı ortaq mübarizə aparıblar:

“Ərəblərlə ermənilərin görünməyən, çox bilinməyən bir ittifaqı var. Məsələn, bir neçə il öncə Livanda hökumətdə iki erməni nazir var idi. Misal üçün, Livanın turizm naziri belə bir fikir səsləndirmişdi: “Əgər adi vətəndaş kimi Türkiyədən gələn rəsmi nümayəndəni qəbul etməyi tapşırsaydılar, mən qəbul etməzdim. Amma hökumət üzvü kimi onları qarşılamaq mənim vəzifə borcumdur”.

Fələstin azadlıq hərəkatının keçmiş rəhbəri Yaser Ərəfatın və Livanda “Hizbullah” lideri Həsən Nəsrullahın ermənilərə xoş münasibəti, Qarabağ ermənilərinin hüquqlarını müdafiə edən açıqlamaları buna misal ola bilər. Eləcə də Suriyada keçmiş rejim başçısı Bəşər Əsəd ilə Ermənistanın keçmiş hökuməti və hazırkı baş nazir Nikol Paşinyan arasında münasibətlər yaxşı olub. Hətta bir dəfə ABŞ səfirliyi Ermənistan hakimiyyətini Əsədə dəstək verməkdə ittiham etdi. Qeyd olundu ki, bu, öz həmvətənlərinin qanına əli batmış diktatora həmrəylik, dəstək və yardımdır.

Sədrəddin Soltan

O baxımdan Fələstin ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması Azərbaycan və Türkiyə üçün ciddi problem və ya rəqabət yaratmır. Çünki Fələstin məsələsini Azərbaycan və Türkiyə ənənəvi olaraq müdafiə edir. Hətta 1992-ci ildə Azərbaycan Fələstinin müstəqilliyini tanıyıb. Özü də bu tanınma 1967-ci il sərhədləri ilə olub.

Ermənistan ilə bir sıra ərəb ölkələri arasında münasibətlər son zamanlar inkişaf edib. Fələstinin münasibət qurmasının digər səbəbi də iki ölkə münasibətlərinin normallaşması ilə bağlıdır. Sülh sazişinin bağlanması istiqamətində atılan addımlar nəticəsində Fələstin də hesab edir ki, onun Ermənistan ilə əlaqə qurması və inkişaf etdirməsi Azərbaycanın maraqlarına ziyan vurmur”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
globalinfo.az

1Mənbələr