AZ

Vüqar Bayramovdan həmkarının Qarabağdakı kəndlərlə bağlı təklifinə reaksiya: Fərqli modellərə baxıla bilər

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gün Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev bildirib ki, azad olunmuş ərazilərdə kəndlər funksional zonalara bölünə bilər: bir hissəsi mal-qara saxlayan, kənd təsərrüfatı ilə məşğul olan ailələr üçün, digər hissəsi isə bu həyat tərzinə uyğun olmayan, amma kənd mühitində yaşamaq istəyən insanlar üçün.

Təkliflə bağlı Redaktor.az-a danışan deputat Vüqar Bayramov öncə qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması intensiv şəkildə davam edir:

"Biz artıq işğaldan azad olunmuş ərazilərdə 75 mindən artıq vətəndaşımızın yaşamasını və çalışmasını müşahidə edirik. Məskunlaşma davam edir. Qarabağda işləmək üçün gedən vətəndaşlarımızın sayında da artım var. Təbii ki, Qarabağda məskunlaşma dövlət büdcəsi hesabına reallaşır. Artıq indiyədək 23 milyard manata yaxın vəsait bu istiqamətə yönəldilib. Təbii ki, fərqli modellərə baxıla bilər. Mənim həmkarım tərəfindən də təqdim edilən yanaşma fərdi evlərin inşası, fərdi şəxslərə fərdi evlərin tikintisinə icazənin verilməsi ilə bağlıdır".

Millət vəkili vurğuladı ki, hazırda tikinti işləri və şəhərsalma baş planlara uyğun olaraq dövlət tərəfindən reallaşdırılır.

"Təbii ki, burada baş plana uyğun olaraq həm evlərin, həm də yaşayış binalarının inşasından söhbət gedir. Həmin evlər təbii ki, pulsuz olaraq keçmiş məcburi köçkünlərə təqdim olunur. Amma digər istənilən yanaşmalar, istənilən layihələr müzakirə oluna bilər, əslində müzakirə də olunur. Lakin mövcud reallıqlar, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizlə bağlı dövlət proqramının tələblərinə və hədəflərinə uyğun olaraq addımlar atılır. Bu kontekstdə, sözsüz ki, hazırda dövlət büdcəsi praktik olaraq məskunlaşma və digər istiqamətlərdə dəstəyi həyata keçirir.

Proses sistemlidir və qısa zamanda məskunlaşma ilə bağlı məcburi köçkünlər tərəfindən çoxlu sayda müraciətlər var. Yəni geri qayıtmaq istəyən məcburi köçkünlərin sayı kifayət qədər çoxdur. Bu kontekstdə, qeyd etdiyimiz kimi, müxtəlif yanaşmalar müzakirə oluna bilər. Amma bütün hallarda işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı hazırlanmış və təsdiq olunmuş baş plan çərçivəsində tikinti və digər işlərin həyata keçirilməsi əsas hədəflərdəndir", - deyə o yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
235
28
redaktor.az

10Mənbələr