AZ

ABŞ-İran qarşıdurmasında KRİTİK MƏRHƏLƏ – 10 gündən sonra...

İranla ABŞ arasında yaşanan gərginlik günü-gündən daha kəskin xarakter almaqdadır. Görünən odur ki, ABŞ regiondakı hərbi mövcudluğunu gücləndirir. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl İranla bağlı kəskin bəyanatla çıxış edib.

ABŞ lideri fevralın 20-də verdiyi açıqlamada Tehrana razılaşmanın əldə olunması üçün maksimum 15 gün vaxt verib.

Tramp bildirib ki, əgər göstərilən müddətdə razılaşma əldə edilməzsə, İranı “çox pis hadisələr” gözləyir. Bu isə Vaşinqtonun diplomatik imkanlarının tükənmək üzrə olduğuna işarədir.

Görünür, bu təzyiqin nəticəsidir ki, İran nüvə danışıqlarına hazır olduğunu elan etməli olub. Belə ki, İranın xarici işlər naziri Arakçi nüvə danışıqlarına hazır olduqlarını bildirərək, fevralın 26-da Cenevrədə tərəflərin növbəti görüşünün olacağını bəyan edib. Oman xarici işlər naziri Bədr əl-Busaidi də ABŞ və İran arasında nüvə sazişi ilə bağlı yeni danışıqlar raundunun fevralın 26-da Cenevrədə keçiriləcəyini bildirib.

İrana hücum planı təxirə salınır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirir ki, müharibənin baş verməsi ehtimalı hələ də yüksəkdir:

“İran ətrafında yaşanan gərginlik kifayət qədər yüksəkdir. Hətta deyərdim pik həddə çatmaq ərəfəsindədir. Fars körfəzində çoxsaylı ABŞ hərbi gəmi və təyyarələri cəmləşib. Eyni zamanda, bölgədəki bütün Amerika hərbi bazaları demək olar tam hazır vəziyyətə gətirilib. Bunun özü konkret müharibə ab-havasına hesablanmış bir situasiyadır.

Tramp sözsüz ki, İranla bağlı başladığı prosesi sonlandırmalıdır. Bu ya danışıqlar yolu ilə baş verəcək, ya da hərbi əməliyyat qaçılmazdır. Əks halda, Trampın nüfuzuna ciddi ziyan dəyəcək. İran da bunu bildiyindən müəyyən mənada vaxt udmağa çalışır”.

Ekspert qeyd edir ki, danışıqlarda Vaşinqton istədiyini ala bilsə, müharibə olmayacaq:

“Amma məsələ ondadır ki, istədiyini alma ehtimalı sıfıra bərabərdir. İran hətta uranın zənginləşdirilıməsindən imtina etsə də, buna əməl-etməyəcəyini yoxlayacaq mexanizm olmayacaq. İran bu məsələdə razılığa gəlsə də, Vaşinqtonla düşmən münasibəti saxlamaqda davam edəcək. Ona görə də mövcud hakimiyyətlə həmin sahədə razılaşma əldə etmək mümkün olmayacaq”.

Müsahibimizin fikrincə, müharibənin başlanması böyük ölçüdə İran daxilində vətəndaş qarşıdurmasının yenidən alovlanmasından asılıdır:

“Bu mənada müharibənin başlama ehtimalı istisna edilmir. Lakin bunun özü də İran daxilində vətəndaş qarşıdurmasının yenidən baş qaldırmasından asılı olacaq. Daxildə hər hansı etiraz hərəkətlənməsi yenidən baş qaldırsa, ona paralel şəkildə xaricdən də müdaxilə olacaq. Amma daxili hərəkətlənmə olmasa, xarici müdaxilənin olması ehtimalı da bir qədər çətindir”.

Rüfət Sultan, Bizim.Media  

Seçilən
17
1
bizim.media

2Mənbələr