AZ

Deputat: Əgər Ermənistan vaxtında beynəlxalq səviyyədə cəzalandırılsaydı...

Yazını böyüt
Yazını kiçilt

Xocalı faciəsi unudulmayacaq, törədilən cinayətlərə hüquqi qiymət verilib və veriləcək”

“Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə ermənilər Azərbaycan xalqına qarşı ağır vəhşiliklər və vandalizm aktları törədiblər. Oxşar cinayətlər 1905 və 1918-ci illərdə də baş verib. Xüsusilə Xocalı faciəsi dünyada baş vermiş bir çox soyqırımı hadisələri arasında qəddarlığı və amansızlığı ilə seçilir. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq”.

Bu fikirləri Hafta.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi qiymət verilib, faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda yeni soyqırımların qarşısının alınması üçün ciddi siyasi və diplomatik fəaliyyət həyata keçirilib. Onun sözlərinə görə, həmin dövrdə ölkənin düşdüyü ağır vəziyyətdən çıxarılması məhz Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün olub.

C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ zəfərinə nail olub və hazırda sülh quruculuğu prosesini uğurla davam etdirir. Bununla yanaşı, xalqın yaddaşının qorunması, baş vermiş faciələrin unudulmaması istiqamətində ardıcıl tədbirlər görülür. İşğaldan azad edilmiş ərazilərdə memorial komplekslərin inşası da bu siyasətin tərkib hissəsidir.

Deputat qeyd edib ki, müharibə dövründə törədilmiş bütün cinayətlərə görə Ermənistanın həmin vaxt hakimiyyətdə olmuş siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır. Onun sözlərinə görə, təqsirkar şəxslərin bir qismi artıq cəzalandırılıb, digərləri isə qanun qarşısında cavab verəcəklər.

Ceyhun Məmmədov bildirib ki, Ermənistan bu əməllərlə Azərbaycan xalqını qorxutmağa, onun döyüş əzmini sarsıtmağa çalışsa da, nəticə əksinə olub. Azərbaycan xalqı torpaqlarının işğalı ilə barışmadığını döyüş meydanında sübut edib, Xocalıda törədilənlərin qisasını alaraq şanlı tarix yazıb.

O əlavə edib ki, əgər Ermənistan vaxtında beynəlxalq səviyyədə ciddi şəkildə cəzalandırılsaydı və ona sanksiyalar tətbiq edilsəydi, bu qədər ağır cinayətlərə yol verilməzdi. Cəzasızlıq mühiti qarşı tərəfdə arxayınlıq yaradıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını azad edərək regionda yeni reallıq formalaşdırıb. Revanşist qüvvələr anlamalıdır ki, bundan sonra hər hansı təxribat cəhdinə Azərbaycan tərəfindən ən sərt şəkildə cavab veriləcək.

Deputatın sözlərinə görə, bu gün təsəlli doğuran məqamlardan biri də odur ki, cinayət törətmiş şəxslərin bir qismi artıq həbs olunaraq layiqli cəzalarını alıb.

Tahirə Qafarlı

Seçilən
18
50
hafta.az

10Mənbələr