Bakı, 24 fevral, Aysel Azadqızı, foto İlqar Cəfərov, operator Vüsal Tağıyev, AZƏRTAC
Bu yaxınlarda “Rəqəmsal məktəb” platformasında məktəblərlə bağlı sorğu keçirilib. Sorğuda 2 min müəllim, 200 mindən çox valideyn iştirak edib.
Bunu “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov AZƏRTAC-ın müxbirinin sualını cavablandırarkən deyib. O bildirib ki, valideynlər “Rəqəmsal məktəb” platforması vasitəsilə təhsil müəssisəsinin direktoru ilə görüş üçün onlayn müraciət edə və vaxt təyin edə bilirlər: “Bu tətbiq məktəb rəhbərliyi ilə valideyn arasında operativ və şəffaf kommunikasiya mühiti yaradır”.
Vüqar Xanlarov qeyd edib ki, platformada əsas istifadəçi valideynlərdir. Valideyn əvvəlcə sistemdə qeydiyyatdan keçməli, daha sonra övladını şəxsi kabinetinə əlavə etməlidir. Valideynlərin platformadakı fəallığı sorğularda iştirak, direktorlarla görüş alətlərindən istifadə və digər rəqəmsal imkanlar vasitəsilə ölçülür.