AZ

Maqnezium və D vitamini birlikdə qəbul edilə bilərmi: Faydalı uyğunlaşma, yoxsa risk?

Apteklərdə əsasən üç növ qida əlavəsi təklif olunur: ayrı-ayrı vitamin və minerallar, polivitaminlər və orqanizmdə qarşılıqlı təsir göstərən bir neçə qida maddəsinin kombinasiyaları. Belə uyğunlaşmalardan biri maqnezium və D vitaminidir. 

HİT.az xəbər verir ki, ekspertlər “Prevention” saytına bu iki maddənin birlikdə qəbulunun nə dərəcədə məqsədəuyğun olduğunu izah ediblər.

Mütəxəssislərin sözlərinə görə, bu maddələr orqanizmdə bir-birini dəstəkləyir. “Maqnezium D vitamininin mənimsənilməsi üçün vacibdir. Orqanizmdə maqnezium səviyyəsi kifayət qədər olmadıqda, D vitamini optimal şəkildə fəaliyyət göstərə bilmir”, deyə “The Small Change Diet” kitabının müəllifi Keri Qans bildirib.

Maqneziumun faydaları

Milli Sağlamlıq İnstitutlarının (NIH) məlumatına görə, maqnezium həm orqanizmdə mövcud olan, həm də bir çox qidada təbii şəkildə rast gəlinən mineraldır. O, 300-dən çox ferment sistemində kofaktor rolunu oynayır və zülal sintezi, qanda şəkərin tənzimlənməsi, arterial təzyiqin idarə olunması kimi proseslərdə iştirak edir.

Rutqers Universitetinin Tibb Peşələri Məktəbində klinik və profilaktik qidalanma üzrə dosent, tibb üzrə fəlsəfə doktoru Debora Koen qeyd edir ki, maqnezium əzələ yığılması, sinir-əzələ keçiriciliyi, insulin mübadiləsi, ürəyin oyanıqlığı, damar tonusu və sinir impulslarının ötürülməsi daxil olmaqla yüzlərlə biokimyəvi və metabolik reaksiyanı dəstəkləyir. NIH-ə görə, maqnezium enerji istehsalı, sümüklərin struktur inkişafı, DNT sintezi və sinir impulsları üçün də vacibdir.

Bütün bunları nəzərə alsaq, qadınlar üçün maqneziumun mümkün faydalarına qanda şəkərin daha yaxşı idarə olunması, stresslə mübarizə qabiliyyətinin artması, təşvişin azalması, sümüklərin möhkəmlənməsi, baş ağrılarının azalması və yuxunun yaxşılaşması daxildir.

D vitamininin faydaları

D vitamini (kalsiferol) yağda həll olunan vitamindir və bəzi qidalarda təbii şəkildə mövcuddur, həmçinin digərlərinə əlavə olunur. NIH bildirir ki, günəşin ultrabənövşəyi şüaları dəriyə təsir etdikdə orqanizm özü də D vitamini sintez edir.

Diyetoloq, “The Little Book of Game-Changers” kitabının müəllifi Cessika Kordinq deyir: “D vitamini kalsiumun mənimsənilməsini yaxşılaşdırır və bu baxımdan sümük sağlamlığı üçün vacibdir”. 

Onun sözlərinə görə, D vitamini immun funksiyanı dəstəkləyir və bəzi sağlamlıq problemlərinin riskini azalda bilər. Digər potensial faydalara qanda şəkərin azalması və ömür uzunluğunun artması daxildir.

Birlikdə qəbul etmək olarmı?

Maqnezium və D vitamini orqanizmdə fəaliyyət göstərərkən təsir sahələri müəyyən qədər üst-üstə düşür. “Onlar bədənin qorunması üçün vacibdir, fiziki və psixi sağlamlığı dəstəkləyir, sümükləri möhkəmləndirir və hətta təşviş və depressiya əlamətləri ilə mübarizəyə kömək edir”, – deyə “Beth Warren Nutrition” şirkətinin təsisçisi və “Living a Real Life with Real Food” kitabının müəllifi Bet Uorren bildirib.

Orqanizm maqnezium səviyyəsi aşağı olduqda D vitaminini effektiv şəkildə emal edə bilmir. Son araşdırmalardan biri göstərib ki, maqnezium əlavələri əvvəllər D vitamini səviyyəsi aşağı olan insanlarda bu göstəricinin artmasına kömək edib.

Mütəxəssislər bildirirlər ki, hər iki maddəni eyni vaxtda qəbul etmək olar, lakin ayrı qəbul edilməsi onların təsirini azaltmır. Əgər çatışmazlıq yoxdursa, əlavə qəbul etməyə ehtiyac olmaya bilər.

Gündəlik norma nə qədərdir?

Yetkin qadınlara gündəlik 310–400 milliqram, kişilərə isə 400–420 milliqram maqnezium tövsiyə olunur. NIH-ə görə, sağlam insanlarda maqnezium çatışmazlığı nadir hallarda müşahidə edilir, çünki böyrəklər onun xaric olunmasını tənzimləyir. Lakin 2-ci tip diabet və mədə-bağırsaq xəstəlikləri olan şəxslərdə risk arta bilər.

Maqnezium çatışmazlığının əlamətləri iştahanın azalması, ürəkbulanma, qusma, yorğunluq və zəiflikdir. Ağır hallarda keyimə, sancma hissi, əzələ spazmları, qıcolmalar, şəxsiyyət dəyişiklikləri və ürək ritminin pozulması baş verə bilər.

D vitamini üçün isə böyüklərə gündə 15 mikroqram (600 BV) tövsiyə edilir. Uşaqlarda çatışmazlıq raxitə, böyüklərdə isə osteomalasiyaya – sümüklərin zəifləməsinə səbəb ola bilər.

Mümkün risklər və qarşılıqlı təsirlər

Gündə 350 milliqramdan artıq maqnezium qəbulu ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Yüksək dozalar ürək ritminin pozulması, aşağı təzyiq, şüur bulanıqlığı və tənəffüsün zəifləməsi ilə nəticələnə bilər.

Maqnezium oral bifosfonatlar, “doksisiklin” və “siprofloksasin” kimi bəzi antibiotiklər, diuretiklər və proton pompası inhibitorları ilə qarşılıqlı təsirə girə bilər. Buna görə əlavə qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Həddindən artıq D vitamini isə hiperkalsemiya – qanda kalsiumun artması ilə nəticələnə bilər. Bu vəziyyət ürəkbulanma, qusma, əzələ zəifliyi, psixonevroloji pozuntular, susuzlaşma, böyrək daşları, hətta böyrək çatışmazlığı və ürək aritmiyasına səbəb ola bilər. D vitamini statinlər, steroidlər və tiazid diuretiklərlə də qarşılıqlı təsir göstərə bilər.

Stressi dərmansız azaltmaq mümkündürmü?

Mütəxəssislər xatırladır ki, meyvəli smuzilər və təzə sıxılmış şirələr, probiotiklər, qoz südü və çay stress və təşvişi azaltmağa kömək edə bilər. Xüsusilə çobanyastığı çayı təşviş əlamətlərinin azalmasında effektiv sayılır. Yaşıl çay isə tərkibindəki L-teanin amin turşusu sayəsində sakitləşdirici təsir göstərir.

Samir
 

Seçilən
22
hit.az

1Mənbələr