AZ

Tibbi xidmətin müasir standartları və peşəkar həkimlər uğurun əsas amilləridir

Lənkəran Rayon Mərkəzi Xəstəxanası Azərbaycanın cənub bölgəsində əsas tibb müəssisələrindən biridir və burada səhiyyə sistemində həyati bir sütun rolunu oynayır. Şəhər və ətraf ərazilərin sakinlərinə ixtisaslı yardım və müasir diaqnostika təmin edən bu mühüm tibb müəssisənin tarixi XX əsrin əvvəllərinə gedib çıxır: 1920-ci ildə qurulan bu müəssisə, o vaxtdan bəri əhəmiyyətli inkişaf və modernləşmə mərhələlərindən keçib, imkanlarını genişləndirib və 1984-cü ildə xəstəxana üçün dövrün tələblərinə uyğun müasir binanın inşası ilə tibb ocağında çarpayıların sayı yüzlərlə artırılıb.

Onilliklər ərzində Lənkəran Rayon Mərkəzi Xəstəxanası təkcə memarlıq görünüşündə deyil, həm də göstərilən tibbi xidmətlərin çeşidindəvə səviyyəsində əhəmiyyətli dəyişikliklərə nail olub. Bu gün müəssisə tibb sahəsində - daxili xəstəliklər və cərrahiyyədən pediatriya və mamalıq sahələrinə qədər geniş çeşiddə müalicə və diaqnostika xidmətləri təklif edir. Xəstələr kəskin və xroniki xəstəliklər üçün ixtisaslı yardım ala, tam diaqnostik müayinədən keçə və ixtisaslaşmış yüksək ixtisaslı səriştəli mütəxəssislərin dəstəyindən yararlana bilərlər.

Hazırda Lənkəran rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin tabeçiliyində 18 şöbə, 7 ASM, 30 həkim məntəqəsi 34 kənd məntəqəsi, Regional Perinatal Mərkəz, Uroloji şöbə, Kardioloji Mərkəz fəaliyyət göstərir. Bütün bunlarla yanaşı hazırda şəhərdə Mərkəzi Qan Bankı fəaliyyət göstərir ki, bu da bütün region üçün çox mühüm bir müəssisədir.

Son illərdə Azərbaycanın bütün müasir dövlət xəstəxanaları kimi Lənkəran Mərkəzi Rayon xəstəxanası da xəstələrin daha dəqiq diaqnostikasına və effektiv müalicəsinə imkan verən yeni tibbi avadanlıqlarla aktiv şəkildə təchiz olunur. Bu yeniliklərə diaqnostik ultrasəs aparatları, müasir laboratoriya sistemləri və xəstələrə göstərilən qayğının keyfiyyətini və təhlükəsizliyini artıran digər cihazlar daxildir.

Rayonun Mərkəzi Xəstəxanasının beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək üçün zəruri olan vacib diaqnostik və terapevtik avadanlıqlarla təmin olunması, regonda yaşayan sakinlərin ehtiyac yaranarsamürəkkəb tibbi prosedurların yerinə yetirilməsinə, xəstələrin sağalma müddətinin minimuma endirilməsinə və yüksək səviyyədə diaqnostikanın təmin edilməsinə kömək edir.

Məlumat üçün qeyd edək ki, müəssisənin müasir tibbi avadanlıq və qabaqcıl texologiya ilə təmin edilməsi imkan verib ki, yüksək peşəkar həkimlər 2025-ci ilin sentyabrından Lənkəran Rayon Mərkəzi xəstəxanasında neyrocərrahi əməliyyatların icrasına başlayıblar. İndi bu regional tibb ocağında hemorragik insultlar, kəllə-beyin travmaları, beyin törəmələri və onurğa yırtıqları üzrə cərrahi əməliyyatlar uğurla yerinə yetirilir

Fəaliyyətini yüksək səviyyədə həyata keçirən tibbmüəssisələrindən biri də Lənkəranda fəaliyyət göstərən Regional Perinatal Mərkəzdir. Mərkəz hazırda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı rayonları da daxil olmaqla ümumlikdə doqquz rayonun III səviyyə stasionar müalicəyə ehtiyacı olan hamilə, zahı qadınlara və yenidoğulmuşlara tibbi xidmət göstərir.

Bundan əlavə, yenilənmiş səhiyyə infrastrukturuna etibarlı enerji təchizatı sistemləri, yeni kommunal şəbəkələr, müalicə və xəstələrin istirahəti üçün rahat məkanlar daxildir.

Təbii ki, Mərkəzi Xəstəxananın ən vacib və qiymətli resursu onun yüksək peşəkar tibb personalıdır. Sözün həqiqi mənasında hazırda Lənkəran Mərkəzi Xəstəxanasının müxtəlif şöbə və bölmələrində fəaliyyət göstərənhəkimləri və tibb işçiləri ən müxtəlif xəstəlikləri olan insanları tibbin ən müasir üsulları ilə müalicə etmək üçünlazımi yüksəktəhsilə və təcrübəyə malikdirlər. Vaxtaşırı olaraq həkim mütəxəssislər əlavə təlimlərə göndərilir, peşəkar proqramlarda iştirak edir və müasir tibbi nailiyyətlərdən xəbərdar olur ki, bu da onlara yeni müalicə metodlarını tətbiq etməyə və müalicə nəticələrini yaxşılaşdırmağa imkan verir.

Tibb işçilərinin yüksək peşəkarlığı xüsusilə təcili vəziyyətlərdə, cərrahi müdaxilələr və hərtərəfli diaqnostik müayinələr zamanı özünü göstərir. Bunun sayəsində xəstələr yalnız standart xidmətlər deyil, həm də müalicənin bütün mərhələlərində ixtisaslı dəstək alırlar.

Bununla yanaşı, müəssisə rəhbərliyinin təsdiq etdiyi profilaktik tədbirlər qrafiki əsasında səyyar həkim briqadaları vaxtaşırı yerlərdə müayinə aksiyaları həyata keçirirlər. Məsələn ötən ilin sonuna rayonun Bəliton, Diryan, Horavenc, Gəgiran, Köhnə Gagiran, Pambəyi, Moloja, Türkəncil və Günəhir kəndlərində 400-ə yaxın vətəndaş səyyar tibbi müayinədən keçirilmişdir. Belə tədbirlər insanlarda xəstəliklərin erkən müəyyən edilməsinə və daha operativ müalicəsinə imkan yaradır.
Həmçinin tibb müəssisəsi 2-i xüsusi təyinatlı məktəb olmaqla 7 şəhər, 23 kənd məktəbində və 15 bağçada uşaqların dispanserizasiyası üzrə müvafiq tibbi müayinələr aparıblr.

Qısaca desək, Lənkəran Rayon Mərkəzi Xəstəxanası müstəqil Azərbaycanın Cənub bölgəsində əsas tibb müəssisəsi olaraq şəhər və ətraf ərazilərin sakinlərinin tibbin bir çox sahələrində ixtisaslı yardım aldığı müasir bir kompleksdir. Xəstəxana son illərdə əsaslı təmirdən keçib, infrastrukturu, diaqnostik avadanlıqları və xəstə qəbul etmək imkanları tamamilə yenilənib. Bu gün Xəstəxanada hər biri müasir avadanlıqlarla təchiz olunmuş, böyüklərə və uşaqlara kömək göstərməyə hazır olan peşəkar mütəxəssislərlə təmin olunmuş 13 əsas şöbə var.

Etiraf etmək lazımdır ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyi tərəfindən Nuridə Məmmədovanın ötən ilin sentyabrında Mərkəzi xəstəxananın direktoru vəzifəsinə təyin olunması səhiyyə müəssisəsinin işinə müsbət mənada çox ciddi təsir göstərib. Buna qədər xəstəxananın direktorunun cərrahiyyə üzrə müavini vəzifəsini icra edən N.Məmmədova problemlərin və nöqsanların nədən irəli gəldiyini yaxşı bildiyindən onların vaxtında aradan qaldırılmasına son dərəcə diqqət ayırır.

Nuridə xanım bizimlə söhbət zamanı deyir:
– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son 20 ildə Azərbaycan səhiyyəsinin maddi-texniki bazası çox sürətlə yeniləşib və tibb ocaqlarımız dünyanın ən qabaqcıl tibb texnologiyaları ilə təmin edilib. Regionlarda müasir tələblərə cavab verən və ən gözəl memarlıq üslubunda inşa olunan xəstəxanalar fəaliyyətə başlayıb. Sevindirici hal odur ki, müddi-texniki baza yeniləşməklə paralel tibb mütəxəssislərimizin hazırlıq səviyyəsi də diqqətə saxlanılır. Bu müddətdə yüksək ixtisaslı həkimlərimiz yetişib, hətta gənclərimizxarici ölkələrin ən tanınmış universitetlərində təhsil alır, klinik ordenaturanı dünyanın tanınmış klinika və hospitallarında keçərək kamil mütəxəssis kimi Azərbaycana qayıdır və xalqımızın sağlamlığının keşiyində dururlar. Bizim Mərkəzi Xəstəxananın tibbi personalını da məhz belə yüksək ixtisaslı və bacarıqlı həkimlər təşkil edir.
Bu gün ən ümdə vəzifə ondan ibarətdir ki, insanlar sağlamlıqlarını etibar etdikləri həkimlərdən ümidləri qırılmasın. Hazırda həkimlərimizin peşəkarlığı və xəstəxanadakı tibbi avadanlıq imkan verir ki, ən müxtəlif xəstəliklərlə qapımızı açan insanları tez bir zamanda sağlam həyata qaytaraq, onlar yaşadıqları regiondakı bu səhiyyə müəssisəsiniqoyub, Bakıya və ya xarici ölkələrə üz tutmasınlar. Elə bilirəm ki, artıq biz buna nail olmuşuq.

Nuridə xanımın söylədiklərində böyük həqiqət var. Hazırda Lənkəran mərkəzi Xəstəxanası regionda yaşayan insanların ümid, şəfa ocağına çevrilib. Burada çalışan neyrocərrah Elşən Əhmədli, uşaq cərrahı uzman Cavid Abdullayev, cərrahi xidmətlər üzrə direktor müavini vəzifəsində çalışan Nazim Kəlbiyev,ilkin səhiyyə xidmətləri üzrə direktor müavini Elgiz Baxşəliyev və digərləri yüksək həkimlik məharətləri ilə sözün əsl mənasında dillər əzbərinə çevriliblər.

Hazırda Xəstəxananın terapevtik xidmətlər üzrə direktor müavini vəsifəsində çalışan Eyvaz Məmmədov müalicə ocağının şöbələri haqqında məlumat verərkən bildirdi ki, terapiya şöbəsində həkimlər daxili orqanların – ürək, ağciyər və həzm sistemi kimi orqanlarınxəstəliklərini müayinə edib diaqnoz qoyurvə müalicə edirlər. Xəstələr laboratoriya müayinələrindən, funksional testlərdən və ultrasəs diaqnostikasından keçirlər. Tеrapevtlər xəstəliyin səbəbini müəyyən edir, optimal müalicə üsulunu seçir və xəstəyə sağalma yolunda dəstək olurlar.

Eyvaz həkim deyir ki, xəstəxanada hər bir şöbənin özünəməxsus üstünlükləri var və əksəriyyəti xəstələrin müalicəsində müstəsna əhəmiyyətə malikdir. Məsələn, radiologiya şöbəsindəkimüasir diaqnostik avadanlıqlar - ultrasəs, rentgen və laboratoriya sistemləri - həkimlərə effektiv müalicənin əsasını təşkil edən xəstəlikləri tez və dəqiq diaqnoz etməyə imkan verir. İndi dünyada ən mühüm sahələrdən biri yoluxucu xəstəliklərlə mübarizədir. Ona görə dəyoluxucu xəstəliklərin müayinəsi və müalicəsi üzrə ixtisaslaşmış yoluxucu xəstəliklər şöbəsi müasir yanaşma və izolyasiya imkanları ilə epidemiyalar və kəskin infeksiyalar zamanı çox mühüm işlər görür.

Həkimlərdən yüksək diqqət və peşəkarlıq tələb edən sahələrdən biri də cərrahiyyə əməliyyatlarıdır. Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsi həm planlı cərrahiyyə əməliyyatları, həm də xəsarətlər və kəskin vəziyyətlər üçün təcili müdaxilələr həyata keçirir. Cərrahlar riskləri minimuma endirmək və pasiyentlərin sağalmalarını sürətləndirmək üçün ən müasir avadanlıqlardan istifadə edirlər.

Xəstəxananın aparıcı həkim mütəxəssisləri ilə görüşürəm. Neyrocərrah Elşən Əhmədli ilə söhbət edir və ən çox hansı əməliyyatları həyata keçirdiklərini soruşuram. Cavabı çox konkret səslənir:
– Planlı əməliyyatdan təcili yardıma qədər geniş çeşidli cərrahi əməliyyatlar həyata keçiririk. Xəstələrin əməliyyatdan sonra tez sağalması və aktiv həyata qayıtması bizim üçün vacibdir.
– Yaxşı nəticələrə nail olmağınıza imkan verən nədir?
– Komandamız, müasir avadanlıqlarımız və yaxşı təşkil olunmuş müalicə prosesi işimizi effektiv edir, – deyə cərrah yenə yığcam cavab verir.

Gələcəyimiz olan uşaqlarla işləməyin cətinliyini bildiyim üçün uşaq cərrahı Cavid Abdullayevə üz tuturam:
– Uşaqlarla işləməyi unikal edən nədir?
– Kiçik xəstələrlə işləmək xüsusi diqqət və səmimiyyət tələb edir. Biz yalnız xəstəlikləri müalicə etmirik - bütün bədəni dəstəkləyirik və uşaqların özlərini rahat hiss etmələrinə kömək edirik.
– İşinizdə xüsusilə dəyər verdiyiniz nədir?
– Valideynlər gülümsəyəndə və uşaqlarının yenidən sağlam olduğunu deyəndə - bu, ən böyük minnətdarlığa çevrilir.

Müsahiblərimlə söhbətimi başa vurub səhiyyıə ocağından uzaqlaşıram. Gördüklərimdən və eşitdiklərimdən belə bir qənaətə gəlirəm ki, bu tibb müəssisəsini fərqləndirən əsas dəyər hər bir xəstəyə göstərilən qayğı və diqqətin keyfiyyətidir. Bəli, hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanası, öndə direktor Nuridə Məmmədova olmaqla, bütün kollektiv region əhalisinə yüksək səviyyəli tibbi yardım göstərməyə, müasir diaqnostika və müalicə metodlarından istifadə etməyə və xəstələr üçün rahat mühit yaratmağa çalışır. Əgər xəstələr bu tibb ocağından razılıqla danışırlarsa, demək ki, o mühiti yaratmağa müyəssər olublar.
Azərbaycan səhiyyəsinin hər gün inkişafına öz töhvələrini verən lənkəranlı ağxalatlılara nəcib və məsuliyyətli işlərində uğurlar arzulayıram.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist, təqaüddə olan dövlət qulluqçusu

Seçilən
18
1
sia.az

2Mənbələr