AZ

Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə işləri və səsverməni dayandırdı

Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi üzrə işləri və səsverməni dayandırdı

Avropa Parlamenti (AP) ABŞ-da gömrük tarifləri ilə bağlı yaranan qeyri-müəyyənlik səbəbindən Avropa Birliyi (Aİ)-ABŞ ticarət sazişi üzrə işləri və planlaşdırılan səsverməni təxirə salıb.

AP-nin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange ABŞ-da tariflərlə bağlı baş verən hadisələrdən sonra yazılı bəyanat yayıb. Aİ-ABŞ ticarət sazişinin qanunvericilik prosesinə məsul olan komitədəki siyasi qrup təmsilçilərinin iclas keçirdiyini bildirən Lange "ABŞ Ali Məhkəməsinin 20 fevral 2026-cı il tarixli 'Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı'nın (IEEPA) tətbiqi ilə bağlı qərarı aydın və qətidir. Bu qərarın nəticələrinə göz yummaq olmaz" deyib.

Lange vurğulayıb ki, ABŞ tərəfinin "Törnberri sazişi"ni müzakirə etmək və həyata keçirmək üçün istifadə etdiyi mühüm vasitə artıq mövcud deyil. Vəziyyətin həmişəkindən daha qeyri-müəyyən hal aldığını qeyd edən komitə sədri, bunun sabitlik və proqnozlaşdırıla bilənlik prinsipi ilə ziddiyyət təşkil etdiyini bildirib.

IEEPA-nın əvəzinə təklif olunan 122-ci maddənin ABŞ-a ixrac edən bütün ölkələrə fərq qoyulmadan tətbiq ediləcəyini xatırladan Lange əlavə edib: "Nəticədə ABŞ-ın Aİ-dən idxal etdiyi mallar 15 faizlik həddi aşan tarifə cəlb olunacaq. Bu, 'Törnberri sazişi'nin şərtlərindən açıq-aşkar kənara çıxmadır".

AP-dəki siyasi partiya təmsilçiləri ticarət əlaqələrində şəffaflıq, sabitlik və hüquqi dəqiqlik təmin olunana qədər saziş üzrə işləri dayandırmaq qərarına gəliblər. Bu səbəbdən fevralın 24-də komitədə keçirilməsi planlaşdırılan səsvermə baş tutmayacaq.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi fevralın 20-də Prezident Donald Tramp tərəfindən tətbiq edilən tariflərin əsaslandığı IEEPA-nın Prezidentə tarif qoymaq səlahiyyəti vermədiyi barədə qərar çıxarıb. Bunun dərhal ardınca Prezident Tramp 1974-cü il Ticarət Aktının 122-ci maddəsinə uyğun olaraq bütün ölkələrə 10 faizlik qlobal gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb. Fevralın 21-də isə o, bu dərəcənin 15 faizə qaldırılacağını bəyan edib.

Xatırladaq ki, AP yanvarda Trampın Qrenlandiya ilə bağlı mövqeyi səbəbindən bəzi Avropa ölkələrinə tarif tətbiq ediləcəyi açıqlamasından sonra sazişin təsdiqi prosesini bir dəfə də dayandırmışdı. Aİ və ABŞ arasında ticarət sazişi üzrə danışıqlar 2025-ci ilin iyulunda Şotlandiyada, Trampa məxsus "Törnberri" qolf meydançasında tamamlanmışdı. Sazişə əsasən, Aİ ölkələri ABŞ mallarına gömrük rüsumu tətbiq etməməyi öhdəsinə götürmüş, ABŞ isə qarşılığında Aİ mallarına 15 faizlik tarif tətbiq edəcəyini açıqlamışdı.

Seçilən
16
afn.az

1Mənbələr