AZ

Zelenski: Rusiya bu həftə Ukraynaya 1300 PUA və 1400-dən çox aviabomba atıb

BAKI, 22 fevral. TELEQRAF

Ötən gecə Rusiya ordusu Ukrayna ərazisinə 300-ə yaxın pilotsuz uçuş aparatı (PUA) və 50 müxtəlif tipli raketlə kütləvi hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

Dövlət başçısı bildirib ki, hazırda gecə hücumunun fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, Ukraynaya atılan 300-ə yaxın zərbə PUA-sının əksəriyyəti "Şahed"lər, 50 raketin isə böyük hissəsi ballistik raketlər olub.

Zelenski qeyd edib ki, zərbələr Kiyev şəhəri və vilayəti, həmçinin Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava və Sumı vilayətləri istiqamətində endirilib.

"Təəssüf ki, Fastov (Fastiv) rayonunda zərbə nəticəsində bir nəfər həlak olub. Həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biri uşaq olmaqla səkkiz nəfər yaralanıb. Hücumun əsas hədəfi enerji sektoru olub. Həmçinin adi yaşayış binalarına ziyan dəyib, dəmir yolu infrastrukturunda dağıntılar qeydə alınıb", - deyə Ukrayna lideri vurğulayıb.

Prezident çıxışında Rusiyanın diplomatiyadan daha çox hərbi zərbələrə üstünlük verdiyini vurğulayıb. Təkcə bu həftə ərzində Rusiya ordusu Ukraynaya qarşı 1300-dən çox zərbə PUA-sı, 1400-dən çox idarəolunan aviabomba və onlarla ballistik raket daxil olmaqla 96 müxtəlif tipli raket buraxıb.

Bu təhdidlərin fonunda Zelenski Qərb tərəfdaşlarına hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi üçün çağırış edib:

"Məhz buna görə də HHM sistemlərimizi gücləndirməliyik. Bizə ballistik raketlərə qarşı effektiv işləyən sistemlər lazımdır. PURL vasitəsilə HHM raketlərinin alınmasında və öz birbaşa tədarükləri ilə bizə kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Hər bir belə yardım paketi kritik infrastrukturu qoruyur və normal həyatın davamlılığını təmin edir".

Seçilən
13
1
teleqraf.com

4Mənbələr