Ötən gecə Rusiya ordusu Ukrayna ərazisinə 300-ə yaxın pilotsuz uçuş aparatı (PUA) və 50 müxtəlif tipli raketlə kütləvi hücum həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Dövlət başçısı bildirib ki, hazırda gecə hücumunun fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir. Onun sözlərinə görə, Ukraynaya atılan 300-ə yaxın zərbə PUA-sının əksəriyyəti "Şahed"lər, 50 raketin isə böyük hissəsi ballistik raketlər olub.
Zelenski qeyd edib ki, zərbələr Kiyev şəhəri və vilayəti, həmçinin Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa, Poltava və Sumı vilayətləri istiqamətində endirilib.
"Təəssüf ki, Fastov (Fastiv) rayonunda zərbə nəticəsində bir nəfər həlak olub. Həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verirəm. Biri uşaq olmaqla səkkiz nəfər yaralanıb. Hücumun əsas hədəfi enerji sektoru olub. Həmçinin adi yaşayış binalarına ziyan dəyib, dəmir yolu infrastrukturunda dağıntılar qeydə alınıb", - deyə Ukrayna lideri vurğulayıb.