AZ

“Şamaxı”nın avrokubok iddiası var? – Kapitandan etiraf etdi

“Şamaxı”nın 25 yaşlı müdafiəçisi və kapitanı Arsen Agcabəyov Sportinfo.az-a müsahibə verib.

- Komandanız Premyer Liqanın ötən turunda “Turan Tovuz”la bərabərə qaldı (0:0). 90 dəqiqəni göz önünə gətirsək, 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- Məqsədimiz 3 xal idi. Hər nə qədər çətin olacağını bilsək də, meydana bu məqsədlə çıxmışdıq və buna çalışırdıq. “Turan Tovuz”un standart vəziyyətlərdən fərqlənməsi, ucaboy müdafiəçilərə, sürətli hücumçulara sahib olması rəqiblərə çətinlik yaradır. Bu gün çox güc sərf edərək 1 xal qazandıq. Buna görə məyus deyilik.

- Heç-heçəylə qane olmağınız oyunun sonlarında hiss olunurdu.

- Fiziki cəhətdən hazırlıqlı görünən komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq həqiqətən çətindir. Xüsusən ikinci hissədə əvəzetmələrdən sonra qol vurmaq üzərimizə gəlirdilər deyə, daha çox qaçmalı, döyüşməli olurduq. Bəli, “Turan” təzyiqi artırandan sonra qol buraxmamağa çalışırdıq. Çünki yorğunluq özünü göstərirdi.

- “Qarabağ”a qarşı 6 gün ərzində keçirdiyiniz 2 görüşdə kifayət qədər güc itirdiyinizi görmək olurdu.

- Sizinlə tam razıyam. “Qarabağ”a qarşı oyunlarda çox güc sərf etmişdik. Həm də ağır hava şəraitində. Ancaq yenə də bərpa olunmağı və güc yığmağı bacardıq. Hələ ki, yaxşı gedirik. Belə davam etmək istəyirik.

- Premyer Liqada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlmisiniz. Növbəti hədəf nədir? Avrokubok mübarizəsinə qoşulmaq mümkündür?

- Bunu hər bir futbolçu istəyər. Göstərdiyimiz futbol, apardığımız mübarizə buna imkan verir. Bəzi oyunlarda son dəqiqələrdə yol verdiyimiz səhvlər və buraxdığımız qollar bizi vacib xallardan məhrum edib. Bəlkə də indi daha çox xala sahib olardıq. Son matçlardakı kimi oynamaqda davam etsək və sabitliyi qoruya bilsək, turnir cədvəlində irəliləyə bilərik. Bu dəqiqə əsas məqsədimiz səhvlərin sayını mümkün qədər azaltmaq və oyun tempini saxlamaqdır. Necə olacağını vaxt göstərəcək.

HƏBİB

Seçilən
21
sportinfo.az

1Mənbələr