AZ

Con Hili: Sülh sazişindən sonra Britaniya qoşunları Ukraynada yerləşdirilə bilər

BAKI, 22 fevral. TELEQRAF

Böyük Britaniyanın müdafiə naziri Con Hili sülh sazişi əldə edildikdən sonra Ukraynada Britaniya qoşunlarını yerləşdirən ilk müdafiə qurumu rəhbəri olmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "The Telegraph" nəşrində dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, 2026-cı il "bu dəhşətli müharibənin başa çatdığı il" olmalıdır. Məqalədə müharibənin sonu ilə bağlı baxışlarını bölüşən C.Hili Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyin dəyişməz qaldığını vurğulayıb:

"Mən Ukraynada Britaniya qoşunlarını yerləşdirən müdafiə naziri olmaq istəyirəm, çünki bu, müharibənin nəhayət bitəcəyi deməkdir. Bu o demək olacaq ki, biz Ukraynada sülhlə bağlı razılığa gəlmişik. Təhlükəsiz Avropaya isə güclü və suveren Ukrayna lazımdır".

Britaniya hökuməti hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək çoxmillətli sülhməramlı qüvvələrin – "könüllülər koalisiyası"nın yaradılması üzərində müttəfiqlərlə birgə işləyir.

London artıq öz silahlı qüvvələrinin potensial dislokasiyasına hazırlıq məqsədilə 250 milyon dollardan çox vəsait ayırıb. Vəsait texnikanın, rabitə vasitələrinin modernləşdirilməsinə və PUA-lara qarşı mübarizə avadanlıqlarının alınmasına yönəldiləcək.

Bundan əlavə, Böyük Britaniya süni intellektə əsaslanan və "Şahed" dronlarını daha ucuz qiymətə məhv etmək qabiliyyətinə malik olan Ukraynanın "Səkkizayaq" (Octopus) PUA zərərsizləşdirici sisteminin birgə istehsalına qoşulub.

Nazir bu yaxınlarda Ukraynaya etdiyi və kütləvi hücumların şahidi olduğu səfərini də xatırladıb. Onun sözlərinə görə, ölkədə qaldığı gecə Rusiya Kiyevə 90 "Şahed" dronu buraxıb, ballistik raket isə onun olduğu yerdən cəmi 15 dəqiqəlik məsafədə yerləşən Lvov şəhərinə düşüb.

"Bu, Ukrayna xalqının son 1459 gecə ərzində nələr yaşadığını göstərən sərt bir xatırlatmadır", - deyə müdafiə naziri qeyd edib.

Böyük Britaniya hərbi yardımı artırmağa və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə davam edəcək. C.Hili əlavə edib ki, ukraynalı hərbçilər artıq NATO təlimlərinə inteqrasiya olunur və PUA-larla mübarizə təcrübələrini tərəfdaşlarla bölüşürlər:

"Ukraynalılar Rusiya təcavüzündən qorxmadıqlarını göstərdilər. Ukraynanın yeganə qorxusu Qərbin yorulmasıdır. Lakin Prezident Zelenskinin də bildiyi kimi, Ukraynanın dostları heç vaxt yorulmayacaq".

O, yekunda vurğulayıb ki, Britaniya Ukraynanı "ədalətli və davamlı sülhə nail olmaq üçün ən güclü mövqeyə" gətirməyə və 2026-cı ili müharibənin bitdiyi il etməyə çalışır.

Seçilən
17
1
teleqraf.com

7Mənbələr