AZ

Havanın temperaturu dəyişdi: bu şəxslər həkimə müraciət etsinlər

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Qış fəslində havaların gözləniləndən daha isti keçməsi son dövrlərdə gündəmi məşğul edən mövzulardan biridir. İnsanlar əksər hallarda halsızlıq, baş gicəllənməsi, təzyiq dəyişiklikləri və ümumi narahatlıqdan şikayətlənir. Belə müşahidələr göstərir ki, havanın temperatur dəyişiklikləri insan orqanizminə birbaşa təsir göstərə bilər və müxtəlif sağlamlıq risklərini artırır.

Qış fəslində havaların isti keçməsi hansı risklər yaradır? Son həftələr əksəriyyət halsızlıqdan, təzyiqdən şikayətlənir; bu, havaların təsiridirmi?

Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, son illərdə qış fəslində havaların normadan isti keçməsi artıq nadir hadisə deyil.

Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsiri ilə temperaturun mövsümə uyğun olmaması həm ekoloji, həm də sağlamlıq baxımından müəyyən risklər yaradır:

“Xüsusilə son həftələrdə insanların halsızlıq, arterial təzyiqin dəyişməsi və ümumi zəiflikdən şikayət etməsi bu mövzuya diqqəti artırır. Qeyd edim ki, orqanizm mövsümlərə uyğunlaşma mexanizminə malikdir. Qış aylarında damarlar fizioloji olaraq daha yığılmış vəziyyətdə olur, metabolizm və hormonal balans buna uyğun tənzimlənir. Temperaturun qəfil və davamlı şəkildə yüksək olması bu adaptasiya mexanizmini poza bilər”. R.Mahmudov bildirib ki, atmosfer təzyiqinin tez-tez dəyişməsi, rütubətin artması və isti-soyuq keçidlərin kəskin olması vegetativ sinir sisteminə təsir göstərir:

“Nəticədə baş gicəllənməsi, halsızlıq, yuxu pozğunluğu və arterial təzyiq dalğalanmaları müşahidə oluna bilər. Ürək-damar sistemi baxımından da bu dəyişikliklər əhəmiyyətlidir. Temperatur artdıqda periferik damarlar genişlənir və bəzi insanlarda arterial təzyiqin enməsi baş verir. Digər tərəfdən, maye balansının pozulması, gizli susuzlaşma və ya əksinə maye tutulması ürək çatışmazlığı və hipertoniya xəstələrində simptomların artmasına səbəb ola bilər. Xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər havanın dəyişkənliyinə daha həssas reaksiya verirlər”.

Rəşad Mahmudov

Bundan əlavə, Rəşad Mahmudov qeyd edib ki, isti keçən qış mövsümü respirator virusların dövran xüsusiyyətlərini dəyişdirə, allergik halları artıra bilər:

“Bu isə ümumi zəiflik və yorğunluq hissini gücləndirir. Psixoloji aspekt də nəzərə alınmalıdır. Bioloji ritmlərin pozulması, gün işığının dəyişkənliyi və mövsümi adaptasiyanın zəifləməsi motivasiya azalması və enerji çatışmazlığı ilə özünü göstərə bilər.

Bəs son həftələrdə artan halsızlıq və təzyiq şikayətləri yalnız hava ilə əlaqədardırmı? Tam şəkildə səbəbi yalnız iqlimlə izah etmək doğru olmaz. Lakin havanın dəyişkənliyi, xüsusilə vegetativ sinir sistemi həssas olan şəxslərdə və ürək-damar xəstələrində real təsir faktorudur. Bu dövrdə tövsiyə olunur ki, insanlar maye balansına diqqət etsin, arterial təzyiqlərini müntəzəm izləsin, dərman qəbulunu qaydasında davam etdirsin və kəskin temperatur dəyişmələrindən mümkün qədər qorunsunlar”.

Deputat əlavə edib ki, şikayətlər davamlı və ya artan xarakter daşıyırsa, mütləq həkim məsləhəti alınmalıdır:

“İqlim dəyişiklikləri artıq yalnız ekoloji deyil, həm də tibbi reallıqdır. Ona görə də mövsümi fərqlərin sağlamlıq üzərində təsirini düzgün qiymətləndirmək və profilaktik tədbirlər görmək xüsusi əhəmiyyət daşıyır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr