AZ

"Kreml cəbhədə "qaçılmaz qələbə" mifini yayır" - ISW

"Rusiya uğurları şişirdir, real irəliləyiş isə xeyli məhduddur..."

Rusiya rəhbərliyi Qərbi Ukraynadan imtina etməyə inandırmaq üçün cəbhədə "qaçılmaz qələbə" təsviri yaradır. 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Rəqəmlər və reallıq

Hesabatda deyilir ki, Kreml döyüş meydanındakı vəziyyəti sistemli şəkildə şişirdir. Rusiya Baş Qərargahı Baş Operativ İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy fevralın 20-də bəyan edib ki, 2026-cı ilin əvvəlindən Rusiya qoşunları 900 kvadratkilometrə yaxın ərazi və 42 yaşayış məntəqəsi ələ keçirib. 

Onun sözlərinə görə, 2025-ci ildə isə 6700 kvadratkilometrdən çox ərazi və 300-dən artıq yaşayış məntəqəsi nəzarətə götürülüb. 
Rudskoy həmçinin Konstantinovkanın "yarıdan çoxunun" Rusiya nəzarətində olduğunu iddia edib.

Lakin ISW-in təsdiqlədiyi məlumatlar tamamilə fərqli mənzərə ortaya qoyur. Analitiklər bildir ki, 2026-cı ilin əvvəlindən Rusiya ordusu cəmi 19 yaşayış məntəqəsi və 572 kvadratkilometr ərazi ələ keçirə bilib. 2025-ci ildə isə 252 yaşayış məntəqəsi qeydə alınıb ki, bu da rəsmi Moskvanın açıqladığı rəqəmlərdən xeyli azdır.
Konstantinovkada irəliləyişin cəmi 7 faiz səviyyəsində olduğu vurğulanır.

Bundan əlavə, 2026-cı ildə Zaporojye istiqamətində yalnız 99 kvadratkilometr və üç yeni yaşayış məntəqəsi (o cümlədən Qulyaypole) ələ keçirilib. Eyni zamanda Ukrayna qüvvələri 86 kvadratkilometr ərazini geri qaytarıb, 18 yaşayış məntəqəsində isə Rusiya nəzarəti tam və ya qismən itirilib.

"Cəbhə dağılır" tezisi və informasiya savaşı

ISW hesab edir ki, Rusiya əsasən sərhəd boyunca yerləşən kiçik kəndləri ələ keçirərək bunu böyük strateji uğur kimi təqdim edir. Məqsəd Qərbdə belə bir təsəvvür yaratmaqdır ki, guya Ukrayna cəbhəsi çökmək üzrədir və Kiyev Moskvanın şərtlərini qəbul etməlidir.

Analitiklər vurğulayır ki, Rusiya qoşunları məhdud irəliləyiş əldə edir və bunun müqabilində çox ağır itkilər verir. 2025-ci ildə Rusiya ordusu gündə orta hesabla 13-15 kvadratkilometr irəliləyib və hər 1 kvadratkilometr üçün 83 hərbçi itirib. Bu statistika "qaçılmaz qələbə" narrativinin arxasında ciddi insan və resurs itkisi olduğunu göstərir.

Müharibənin perspektivi: iki fərqli yanaşma

Müharibənin gələcəyi ilə bağlı da fərqli qiymətləndirmələr səslənir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş sözçüsü Vladislav Seleznyov bildirib ki, bəzi Avropa KİV-lərində Putinin azı iki il daha müharibə aparmağa hazır olduğu barədə yayılan xəbərlər informasiya-psixoloji əməliyyat təsiri bağışlayır və Ukrayna rəhbərliyini güzəştə məcbur etməyə hesablanıb.

Digər tərəfdən, Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko hesab edir ki, Ukrayna da Rusiya ilə qarşıdurmanı daha bir neçə il davam etdirmək imkanına malikdir.

Beləliklə, cəbhədə real dinamika ilə informasiya məkanında yaradılan təsvir arasında ciddi fərq var. ISW-nin qiymətləndirməsinə görə, Moskvanın əsas silahlarından biri artıq təkcə artilleriya deyil, həm də rəqəmlərlə qurulan psixoloji təzyiqdir.

Seçilən
19
1
moderator.az

2Mənbələr