Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində fevralın 19-da bir qrup etirazçının Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törətməsinə münasibət bildirib:
- Azərbaycan son illərdə, xüsusilə 2020-ci il 2-ci Qarabağ müharibəsindən sonrakı dövrlərdə beynəlxalq arenada öz mövqeyini xeyli möhkəmləndirib. Enerji
təhlükəsizliyində mühüm oyunçu, regionda sülh təşəbbüslərinin aparıcısı, ABŞ və Avropa ilə yeni əməkdaşlıqlar kimi nailiyyətlər qazanıb. Sülh Şurasının ilk iclasında Prezidentin iştirakı da məhz bu imici təsdiq edir.
Lakin belə bir yüksək səviyyəli tədbirin fonunda baş verən fiziki qarşıdurmanı sosial şəbəkələr və Qərb mediası sürətlə ölkəmiz əleyhinə informasiya selinə çevirməyə çalışır.
Beynəlxalq aləmdə ölkəiçi məsələləri və fikir ayrılıqlarını qaldırmaq siyasi uzaqgörənlik kimi qiymətləndirilə bilməz. Bu ölkənin suverenliyinə təhdid yaratmaq cəhdlərindən başqa bir şey deyil.
Bölgədə Azərbaycanın güclənməsindən narahat olan dövlətlər, lobbi qrupları, bəzi Qərb dairələri artıq bu hadisəni fürsətə çevirərək ölkəmiz əleyhinə yeni çağırışlar edirlər. Beləliklə, daxili münasibətlər beynəlxalq müstəviyə transformasiya olunaraq təzyiq alətinə çevrilir və ölkəyə qarşı “silah” kimi istifadə şansı yaradır.
Əgər ölkə daxilində problem varsa, onu Bakıda, daxili institutlar vasitəsilə, dialoq və ya qanuni yollarla həll etmək daha effektiv olar. Xaricdəki etirazlar isə əks nəticə verir: problem həll olunmur, əksinə, ölkə beynəlxalq təzyiq altında qalır və daxili sabitliyə təhdid yaranır.
İndiki geosiyasi şəraitdə Azərbaycanın ən böyük gücü məhz daxili sabitlik və beynəlxalq arenada vahid mövqedir. Bu sabitliyi qorumaq üçün daxili dialoq və həll yolları xaricdəki “səhnələşdirmələrdən” qat-qat üstündür.