AZ

“Nə təzyiq, nə də sifarişli kampaniyalar Azərbaycanın mövqeyini dəyişə bilməz” – ÖZƏL

"Azərbaycan dövlətinin qlobal nüfuzu artdıqca, ölkəmiz beynəlxalq məkanda geosiyasi iradə sahibi olan avanqard dövlətlər sırasında mövqeyini möhkəmləndirdikcə, Azərbaycana və Prezident İlham Əliyevə qarşı təzyiq cəhdlərinin də artdığı müşahidə olunur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu, təsadüfi deyil. Azərbaycan artıq Cənubi Qafqazın əsas geosiyasi iradə mərkəzlərindən biridir və rəsmi Bakı xarici siyasətində hər hansı başqa bir dövlətin maraq və hədəflərini deyil, ilk növbədə milli maraqları əsas götürür. Azərbaycanın əsas məqsədi dövlət maraqlarının təmin və müdafiə olunmasıdır. Təbii ki, bu mövqe həm regionda, həm də qlobal miqyasda müəyyən dairələrin və bəzi dövlətlərin maraqları ilə üst-üstə düşmür. Məhz buna görə də Azərbaycanı müstəqil xarici siyasət kursundan yayındırmaq üçün müxtəlif vasitələrə əl atılır, həm dövlətə, həm də onun liderinə qarşı təzyiq göstərməyə cəhd edilir. Bəzən bu cəhdlər absurd, məntiqsiz və izaholunmaz təxribat xarakteri daşıyır. Əslində, bu cür davranışlar Azərbaycanın zəifliyini deyil, əksinə, gücünü göstərir. Çünki birbaşa təsir mexanizmləri işləmədikdə, dolayı və qeyri-etik üsullara üstünlük verilir. Nə Rusiya, nə də Qərb Azərbaycanın siyasi iradəsinə birbaşa təsir göstərə bilmir. Azərbaycan artıq mövqeyini sərbəst şəkildə ortaya qoyan və öz sözünü qətiyyətlə deyən dövlətə çevrilib. Məhz buna görə də bəzi dairələr başqa rıçaqlar qalmadığını düşünərək daha çirkin və təxribatçı üsullara əl atırlar. Lakin bütün bunlar Azərbaycana real təsir göstərə biləcək amillər deyil. Azərbaycan dövləti istənilən təxribatın qarşısını almağa qadir olan siyasi, diplomatik və təhlükəsizlik potensialına malikdir.

"Bu gün Azərbaycan dünyanın aparıcı siyasi və geosiyasi mərkəzləri ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub. Azərbaycan Çinlə strateji tərəfdaşdır, Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşdır, eyni zamanda ABŞ ilə də strateji əməkdaşlıq münasibətlərinə malikdir. Belə çoxşaxəli və praqmatik xarici siyasət kursu həyata keçirən bir dövlətə qarşı cılız təxribatlarla təsir göstərmək mümkün deyil. Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanın uğurlarına qıcıqla yanaşan bəzi dairələr arasında özlərini "azərbaycanlı" kimi təqdim edən şəxslər də var. Onların mövqeyi çox zaman xaricdəki erməni diasporunun mövqeyi ilə üst-üstə düşür. Bəzi hallarda hətta erməni dairələrinin belə sərgiləmədiyi davranışlara məhz həmin şəxslər yol verirlər. Bu isə onların hansısa xarici sifarişlərin icraçısı olması barədə ciddi suallar doğurur. Ancaq nə həmin şəxslər, nə də onların arxasında dayanan qüvvələr Azərbaycana təsir göstərəcək imkanlara malikdirlər. Azərbaycanın müstəqil siyasi kursu dəyişməzdir və milli maraqlara əsaslanır. Bu kurs nə təzyiqlərlə, nə də təxribatlarla dəyişdirilə bilməz", - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr