AZ

Bloomberg: “Avropa Parlamenti təcili toplaşacaq”

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, AP-nin Ticarət Komitəsinin fevralın 24-də ABŞ-Avropa İttifaqı (Aİ)müqaviləsinin ratifikasiya prosesini davam etdirmək üçün səs verməsi gözlənilirdi. Lakin Trampın Qrenlandiyanın ilhaqı barədə hədəsindən sonra avroparlamentarilər təsdiqləmə prosesini dondurmuşdular.

“ABŞ Ali Məhkəməsinin qərarı gözlənilən idi. Əsassız tariflərin hüquqi bazası qüsurlu idi”,- AP-nin Ticarət komitəsinin sədri Bernd Lange agentliyə açıqlamasında deyib.

Lange həmçinin sosial mediada yazıb ki, indi qərarı və müqavilənin təsdiqlənməsi üçün davam edən işlərə potensial təsirləri diqqətlə qiymətləndirmək lazımdır.

Ticarət müqaviləsi əksər Amerika mallarına tarifləri aradan qaldıracaq və Aİ mallarına 15% tarif tətbiq edəcək.

Aİ bu qeyri-bərabər müqaviləni ötən yay tammiqyaslı ticarət müharibəsindən qaçınmaq və ABŞ-nin təhlükəsizlik dəstəyini qorumaq ümidi ilə bağlayıb. AP sazişi mart ayında ratifikasiya etməyi planlaşdırırdı.

Lakin Trampın tariflərinin qeyri-müəyyən hüquqi statusunu əsas gətirən ABŞ Ali Məhkəməsinin fevralın 20-də qəbul etdiyi qərar həmin qrafiki və bütün razılaşmanı şübhə altına alıb.

- Hakimlər göstərdilər ki, hətta ABŞ prezidenti belə hüquqi boşluqda fəaliyyət göstərə bilməz”,- Bernd Lange vurğulayıb.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi prezident Donald Trampın kütləvi qlobal tariflərini qanunsuz sayıb.

Söhbət Trampın 2025-ci ilin aprel ayının əvvəlində dünyanın demək olar ki, bütün ölkələrinə qarşı elan etdiyi tariflərdən gedir. Ağ Ev ABŞ-nin büdcə kəsirini ödəmək üçün mənşə ölkəsindən asılı olaraq əmtəə idxalına 10%-dən 50%-ə qədər rüsum tətbiq edib.

Trampın ticarət tariflərini müəyyən etmək metodologiyası təəccüb doğurub. Hətta ChatGPT-nin də bu məsələdə iştirak etdiyinə dair fikirlər də var. Bəzi iqtisadçılar qeyd ediblər ki, tarif hesablama yanaşmasının özü ciddi təhlilə tab gətirmir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
1
azvision.az

2Mənbələr