AZ

“Araz” marketdə kiflənmiş məhsullar yenidən satışa çıxarılır - VİDEO

Sosial şəbəkələrdə “Araz” marketlər şəbəkəsində vaxtı keçmiş pendir məhsullarının yenidən qablaşdırılması və satışa qoyulması ilə bağlı videogörüntülər yayılıb.

Ucnoqta.az xəbər verir ki, "Dədə Qorqud" parkının yaxınlığında yerləşən "Araz" marketdə pendirin kiflənmiş hissəsi ayrılaraq qablaşdırılır və yenidən vitrinə qoyularaq satışa çıxarılır. Həmçinin pendir xarab və qırılmış yumurtaların yaxınlığında kəsilir.
Qida üzrə mütəxəsis Məhsəti Hüseynova bildirir ki, sərt pendirdə kif varsa dərin və geniş kəsmək mümkündür: 
"Lakin bu riski yox etmir, kif qaraciyəri zədələyir. Hələ bu prosesin sındırılmış yumurtaların yanında antisanitar vəziyyətdə aparılması düzgün deyil. Digər tərəfdən istehlakçı pulunu verib bilmədən niyə aldadılaraq kifli məhsul almalıdır. Ən çox risk qrupları -uşaqlar, hamilələr, yaşlılar, immun sistemi zəif olanlardır". 

Mütəxəssis qeyd edir ki, qida ilə insan həyatına bilərəkdən ziyan vurmaq – bu artıq səhv deyil, cinayətdir:
"Qida məhsulu insanın ən fundamental ehtiyacıdır. Qida ilə sağlamlıq arasında birbaşa əlaqə var. Buna görə də qanunvericilik bu sahədə çox sərtdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında Qanunu açıq şəkildə bildirir ki, insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı, idxalı və satışı qadağandır. Sahibkar məhsulun təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyır.
Əgər bir şəxs məhsulun təhlükəli olduğunu bildiyi halda onu dövriyyəyə buraxırsa, bu artıq inzibati xəta deyil, cinayət məsuliyyəti yaradır. Bu halda məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.
Qida vasitəsilə:
- zəhərlənmə,
- sağlamlığa ağır zərər,
- və ya ölüm baş verərsə, bu artıq qəsdən sağlamlığa zərər vurma və ya daha ağır cinayət tərkibi kimi qiymətləndirilə bilər. Burada əsas məqam “bilmək” amilidir. Əgər sahibkar məhsulun:
- saxta olduğunu,
- istifadə müddətinin keçdiyini,
- tərkibində təhlükəli maddə olduğunu bildiyi halda bunu gizlədirsə, bu, birbaşa hüquqi məsuliyyət yaradır".

Qeyd edək ki, "Araz" marketlər şəbəkəsində vaxtı keçmiş məhsulların satışı ilə bağlı tez-tez rastlaşırıq.

Seçilən
18
3
ucnoqta.az

4Mənbələr