AZ

Zelenskinin zəngi, Putinin qonağı… Rusiya Ukrayna müharibəsinin ilk günündən detallar

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumu başlayanda Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona zəng edərək ondan Vladimir Putinlə əlaqə saxlamasını və müharibəni dayandırmağa çağırmasını xahiş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Məqalədə qeyd olunur ki, 24 fevral saat 04:50-də Putin xüsusi hərbi əməliyyatın başladığını elan edib. Bir neçə dəqiqə sonra Rusiya paytaxt ətrafındakı hədəflərə raket zərbələri endirib.

Sübhə qədər Zelenski Bankova küçəsində yerləşən prezident iqamətgahına gəlib. İlk zəng etdiyi şəxs Boris Conson olub.

“Boris, ölkəmin dostu kimi səndən xahiş edirəm. Ona (Putinə – red.) birbaşa zəng et və müharibəni dayandırmasını söylə”, – Zelenski deyib.

Daha sonra o, Paris və Vaşinqtona da zəng edib, təhlükəsizlik strukturları ilə görüş keçirib. Tələsik çağırılan parlament iclasında hərbi vəziyyət elan olunub.

Nəşrin yazdığına görə, siyasi liderlərlə görüş zamanı mühafizəçilər otağa daxil olaraq onu çıxarıblar – prezident ofisinə hava zərbəsi təhlükəsi barədə məlumat daxil olub. Həmçinin yaxınlıqda ona qarşı sui-qəsd hazırlaya biləcək şəxslərin olduğu ehtimalı irəli sürülüb.

“Sonradan o, yenidən göründü – kostyumlu siyasətçidən hərbi geyimli liderə çevrilməyə başladı”, – məqalədə bildirilir.

Eyni vaxtda Putin Kremldə Pakistanın o zamankı baş naziri İmran Xanı qəbul edirdi. Səfər aylar öncədən planlaşdırılmışdı və Xan Moskvaya Rusiya tanklarının Ukrayna sərhədini keçdiyi anda gəlib çatmışdı.

Mənbənin sözlərinə görə, Putin görüş zamanı sakit görünüb və danışıqlardan sonra qonağını planlaşdırılmamış dəbdəbəli nahara dəvət edib.

Xan müharibə barədə sual verəndə Putin belə cavab verib: “Buna görə narahat olmayın. Bir neçə həftəyə hər şey bitəcək”.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
globalinfo.az

1Mənbələr