AZ

Qırmızı od atı Çin ənənəsində yenilənmə və müsbət dəyişikliklərin rəmzidir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskva, 21 fevral, AZƏRTAC

Çin ənənəsinə görə, qırmızı od atı ili müsbət dəyişiklikləri simvolizə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin müxbirinə Moskva Dövlət Universitetinin “Aptekarskiy oqorod” Botanika bağının subtropik oranjeriyasında Çin Yeni ili bayramı münasibətilə təşkil olunan III illik festivalın kuratoru, elmi işçi Aleksey Filin danışıb.

Ekspozisiya çiçək açan azaliyalar, arxideyalar və digər bitkilər arasında yüzlərlə qırmızı fənər, tağlar, əjdaha fiqurları və Çin mədəniyyətinin simvolik elementləri ilə bəzədilib ki, bu da yaxınlaşan bahar ab-havası yaradır. Kuratorun sözlərinə görə, sərginin əsas ideyası qarlı Moskva ilə oranjeriya daxilindəki parlaq bayram mühiti arasında kontrast yaratmaqdır.

“İnsanlar qarlı və soyuq küçədən buraya daxil olduqda, çiçək açan bitkilər və parlaq rənglərlə dolu məkanla qarşılaşırlar. Bütün bunlar baharın tezliklə gələcəyini göstərir. Bu, yəqin ki, əsas konsepsiyadır”, - deyə Filin qeyd edib.

Festival ardıcıl üçüncü ildir keçirilir və bu mövsümdə ekspozisiya yenidən işlənib və yeni simvolik elementlərlə tamamlanıb. Ənənəvi Çin numerologiyasına xüsusi diqqət yetirilib. “Çinlilər üçün rəqəmlər çox vacibdir. Məsələn, dörd rəqəmi uğursuz hesab olunur, altı, yeddi, səkkiz və doqquz isə uğurlu sayılır. Buna görə fənərlər elə yerləşdirilib ki, ziyarətçiləri məhz uğurlu sayılan kombinasiyalar əhatə etsin”, – deyə o söyləyib .

Qırmızı rəng bayramın tərtibatında mərkəzi yer tutur, çünki Çin ənənəsində o od, qorunma və yenilənmə ilə bağlıdır. “Nyan adlı məxluq haqqında qədim əfsanə mövcuddur. O, qırmızı rəngdən və oddan qorxurdu. O vaxtdan insanlar Yeni ili qarşılayarkən evlərini qırmızı elementlərlə bəzəyirlər”, – deyə kurator bildirir.

Ekspozisiyanın əsas simvollarından biri qızılı və qırmızı elementlərlə bəzədilmiş “sərvət ağacları”, həmçinin rifah və bolluq arzusu mənasını verən “Fu” heroqlifi olub. Bu il Çin kalliqrafları onu ilin rəmzi olan od atı ilə bağlı stilizə edilmiş formada təqdim ediblər.

Ziyarətçilərin diqqətini xüsusilə mifoloji heyvanlar cəlb edir. “Biz oranjeriyada üç böyük əjdahanı, beş kiçik əjdahanı və üç şiri gizlətmişik. Qonaqlar onların hamısını tapsalar, bu, yeni ildə uğur və rifah arzusu hesab olunur”, – deyə o bildirib və əlavə edib ki, əjdahalardan biri forması mifoloji varlığı xatırladan 1828-ci ilə aid qədim palma əsasında yaradılıb.

A.Filin həmçinin dövri təqvim sisteminə əsaslanan ənənəvi Şərq təqviminin əhəmiyyətindən danışıb. “Çinlilərdə 10 illik və 12 illik dövrlərin birləşməsindən ibarət 60 illik böyük dövr mövcuddur. Buna görə hər ilin təkcə heyvanı deyil, həm də rəngi və elementi də var. Bu il at adi deyil, od və qırmızı atdır”, – deyə o xatırladıb.

Kuratorun sözlərinə görə, 60 illik dövrün tamamlanması Çin mədəniyyətində xüsusi əhəmiyyət daşıyır. “60 illik yubileyini qeyd edənlər tam həyat dövrünü başa vurmuş hesab olunur. Bu, Çinlilər üçün çox vacibdir. Onlar həyati vacib qərarları qəbul edərkən, uşağa ad seçərkən və hətta karyera qurarkən təqvim dövrlərini tez-tez nəzərə alırlar. Qırmızı od atına gəldikdə isə, od dəyişikliklərin, daha doğrusu müsbət dəyişikliklərin rəmzidir”, – deyə A.Filin bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
2
azertag.az

3Mənbələr