AZ

"ABŞ Ukrayna məsələsinin həllində əvvəlki kimi maraqlı deyil" -Politoloq

"Belə tezliklə Ukrayna məsələsinin yekun həllini tapacağına inanmaq çətindir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev Cenevrədə Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətləri arasında keçirilən görüşləri şərh edərkən dedi.

"Çünki danışıqlar prosesində çox ciddi və fundamental çətinliklər mövcuddur. Ukrayna tərəfi heç bir halda Donbası Rusiyaya güzəştə getmək istəmir. Yəni müvəqqəti atəşkəsə razılıq ehtimalı olsa da, sülh müqaviləsi çərçivəsində həmin ərazilərin Rusiyaya verilməsi ilə bağlı razılaşma mümkün görünmür. Rusiya isə məhz sülh müqaviləsinin əsas şərti kimi Donbasın ona verilməsini irəli sürür. Bu isə tərəflərin mövqelərinin ciddi şəkildə ziddiyyət təşkil etdiyini göstərir.

Digər tərəfdən, prosesdə Amerika Birləşmiş Ştatlarının əvvəlki qədər maraqlı görünmədiyi müşahidə olunur. ABŞ ilə Rusiya arasında Alyaskada müəyyən ilkin razılaşmaların əldə olunduğu, bəzi şərtlərin müzakirə edildiyi bildirilirdi. Lakin hazırda ABŞ tərəfinin bu razılaşmaların icrasında əvvəlki qədər fəal olmadığı görünür. Halbuki həmin mərhələdə əsasən ABŞ və Rusiya mövqelərinin müəyyən qədər üst-üstə düşdüyü müşahidə edilirdi", - deyə o qeyd etdi.

Siyasi şərhçi əlavə etdi ki, Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya daha yaxın mövqe sərgiləyərək ABŞ və Rusiya arasında mümkün razılaşmanı dəstəkləmirdi:

"Hazırkı mərhələdə isə ABŞ-nin özünün də bu prosesdə əvvəlki qədər maraqlı olmadığı təəssüratı yaranır. Hətta Rusiya nümayəndə heyəti, xüsusilə Sergey Lavrov açıq şəkildə bəyan edib ki, ABŞ-nin bu məsələyə kifayət qədər ciddi yanaşmadığını müşahidə edirlər və Vaşinqtonun əvvəl müzakirə olunan şərtlərdən geri çəkildiyi qənaətindədirlər. Bu isə o deməkdir ki, ABŞ tərəfindən lazımi təzyiq mexanizmləri tətbiq olunmur. Belə olan halda, Ukrayna ilə Rusiyanın mövqeləri kəskin şəkildə fərqlənməkdə davam edirsə və ABŞ də prosesdə əvvəlki kimi aktiv rol oynamırsa, yaxın vaxtlarda yekun sülh sazişinin əldə olunması real görünmür".

Xədicə BAXIŞLI

Seçilən
30
redaktor.az

1Mənbələr