AZ

Azərbaycan səfirliyi Prezident İlham Əliyevin Vaşinqton səfəri zamanı baş verən insidentlə bağlı bəyanat yayıb

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində fevralın 19-da bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib. Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd ediblər və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup, həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin yaydığı bəyanatda qeyd edilib.

Bəyanatda, həmçinin bildirilib: “Dövlət başçısının mühafizə edilən nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığını nəzərə alan Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin edilməsinə yönəlib.

Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub.

Beləliklə, ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi və ya əsaslandırılmamış iddialar yayılması cəhdlərini qətiyyətlə rədd edirik.

Azərbaycanın təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir”.

Səfirlik xəbərləri yayarkən məsuliyyətli davranmağa və təsdiqlənməmiş iddialara əsaslanaraq nəticə çıxarmaqdan çəkinməyə çağırış edib.

Seçilən
36
13
azertag.az

10Mənbələr