
19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sülh Şurası”nın ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən “Waldorf Astoria” mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Bəyanatda bildirilib ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər.
“Bu qrup həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib. Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.