AZ

Daily Mail: Taliban ərlərə arvadlarını döyməyə icazə verdi

Əfqanıstan ərazisinə nəzarət edən "Taliban" təşkilatı qadınlara qarşı zorakılığı faktiki olaraq qanuniləşdirən yeni qanunvericilik aktını qüvvəyə mindirib. Oxuməni.az-ın məlumatına görə, bu barədə «Daily Mail» yazır.

Qruplaşma tərəfindən elan edilmiş yeni cinayət məcəlləsinə əsasən, ərlərə arvadlarına qarşı ciddi xəsarətlərə səbəb olmadığı təqdirdə fiziki güc tətbiq etməyə icazə verilir.

90 səhifədən ibarət və "Taliban"ın ali lideri Hibətullah Axundzada tərəfindən təsdiqlənmiş bu məcəllə, cinayətkarın sosial statusundan asılı olaraq fərqli cəza sistemini tətbiq edir.

Məcəllənin 9-cu maddəsi Əfqanıstan cəmiyyətini dörd kateqoriyaya bölür: din xadimləri (üləmalar), elita nümayəndələri (əşraf), orta sinif və əhalinin aşağı təbəqələri.

Ekspertlərin fikrincə, bu cür təsnifat iyerarxik bir sistem yaradır ki, burada əslində "azadlar" və "qullar" arasında bölgü bərpa olunur, qadınlar isə faktiki olaraq qullara bərabər tutulur.

Məcəllənin mətni "qul sahiblərinə", xüsusən də ərlərə arvadlarına və ya tabeliyində olanlara bədən cəzası tətbiq etməyə icazə verən müddəaları ehtiva edir.

Bununla belə, cinayət ruhanilər və ya elita nümayəndəsi tərəfindən törədilərsə, cəza xəbərdarlıqla və ya məhkəməyə çağırışla məhdudlaşır.

Orta sinif nümayəndələri üçün oxşar hüquq pozuntusu həbs cəzasına səbəb ola bilər, "aşağı sinif" üçün isə həm bədən cəzası, həm də həbs cəzası nəzərdə tutulur.

"De Mahakumu Jazaai Osulnama" adlı cinayət məcəlləsi artıq ölkənin məhkəmə instansiyalarına göndərilib və Əfqanıstandan kənarda insan haqları müdafiəçiləri və fəallar tərəfindən kəskin tənqid və qəzəbə səbəb olub.

Almaz Həsənli

Seçilən
27
1
oxumeni.az

2Mənbələr