AZ

Kafedə müştərini döyən şəxs amnistiyaya düşdü – QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şirvan Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 5.3-cü bəndləri tətbiq edilməklə cinayət təqibinə xitam verilib.

 

İttihama görə, Əkbər Tağıyev 18 mart 2025-ci il tarixdə saat 22 radələrində Şirvan şəhərində yerləşən “Əjdaha” kafesində sərxoş vəziyyətdə olarkən bir masa arxasında oturduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə mübahisə edib. O, mübahisə zamanı ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozub.

 

Bu zaman kafedə yaranmış gərginliyin qarşısını almağa çalışan vətəndaş  - zərərçəkmiş Sahil Yusifov (adı, soyadı şərtidir) mübahisənin dayandırılması və nalayiq ifadələrin işlədilməməsi ilə bağlı çağırış etsə də, təqsirləndirilən şəxs həmin çağırışa məhəl qoymayıb. O, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq, ətrafdakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərib.

 

Bundan əlavə, Əkbər Tağıyev digər şəxslərin gözü qarşısında vətəndaşlıq borcunu yerinə yetirən zərərçəkmiş şəxsə hücum edib, onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. Nəticədə Sahilə döş qəfəsinin küt travması, sol döşkörpücük-məməyəbənzər əzələlərinin gərilməsi, döş qəfəsinin sol yuxarı dış hissəsində və sağ budun yuxarı üçdəbir hissəsində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilib.

 

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxs barəsində qərəzli xuliqanlıq əməli ilə bağlı ittiham irəli sürülüb.

 

Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Əkbər Tağıyev Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Eyni zamanda Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin 27 mart 2025-ci il tarixdən 23 iyun 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 27 gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanaraq 11 ay 18 gün kimi müəyyən edilib və təyin olunmuş cəzadan çıxılıb. Nəticədə, onun üzərində qəti olaraq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 10 ay 12 gün müddətinə islah işləri cəzası saxlanılmışdı.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2026, 09:40   
Seçilən
31
pravda.az

1Mənbələr