İngiltərədə yaşayan 29 yaşlı Sofi Dauninq Milad bayramında ona hədiyyə edilən 10 funt-sterlinqlik qəhvə kartını istifadə etmək istəyərkən kassa aparatının ekranında gördüyü rəqəmlə şoka düşüb. Kartında 63 katrilyon funt-sterlinq balans görünən Dauninq qısa müddətlik də olsa, nəzəri olaraq dünyanın ən zəngin insanına çevrilib.
Milli.Az xəbər verir ki, İngiltərənin Nottingem şəhərində yaşayan Sofi Dauninq "200 Degrees Coffee" şəbəkəsinin filiallarından birinə gedərək "matcha latte" sifariş edib. Ödəniş zamanı kassa aparatının ekranında görünən məbləğ həm kassiri, həm də müştərini heyrətə gətirib: 63,000,000,000,000,000 funt-sterlinq.
Bu məbləğ İlon Maskın sərvətindən təxminən 100 min dəfə çoxdur və hətta qlobal iqtisadiyyatın ümumi həcmini belə geridə qoyur.
"Rəflərdəki hər şeyi ala bilərəm, amma vəziyyətdən sui-istifadə etmək istəmirəm"
Hadisə barədə danışan gənc qadın bildirib:
"Həqiqətən çox gülməli idi. Daha əvvəl belə bir şey görməmişdim. Kassirin üzündəki ifadə 'Bu nədir belə?' deyirdi. İstəsəm, mağazadakı hər şeyi ala bilərdim, amma bunun bir barkod xətası olduğunu bilirəm və vəziyyətlə dalğa keçmək istəmirəm".
Maraqlıdır ki, o, bir neçə gün sonra kartı yenidən yoxladıqda balansın hələ də eyni olduğunu görüb. "200 Degrees Coffee" şirkəti isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Təbii ki, bu astronomik məbləğ nağd pul demək deyil. Sözügedən kart yalnız həmin qəhvə şəbəkəsinin daxilində keçərlidir. Buna görə də Dauninqin "sərvəti" yalnız qəhvə və kruvasan almaqla məhdudlaşır.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar: