AZ

Azərbaycanın sülh diplomatiyasının qlobal zəfəri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız onların siyasi, iqtisadi, hərbi gücü ilə yox, qlobal sülh və təhlükəsizliyə verdiyi real töhfələrlə ölçülür. Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi prinsipial xarici siyasət kursu  Cənubi Qafqazın hüdudlarını belə aşan "sülh" nümunəsi ilə dünyanın diqqətini çəkir.

Onilliklər boyu davam edən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi ilə həm regionda yeni hərbi-siyasi reallıqlar yaradılıb, həm də qlobal miqyasda tətbiq edilə biləcək sülh modeli ortaya qoyulub. 

Bu mənada ölkəmizin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil edilmiş Sülh Şurasında təsisçi üzv kimi iştirakı da təsadüfi deyil. Azərbaycanın bu nüfuzlu qurumda təmsil olunması, Bakının sülh strategiyasının qlobal əhəmiyyətini təsdiqləyir.

Prezident İlham Əliyevin bu günlərdə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri və burada təşkil edilmiş Sülh Şurasının ilk iclasında iştirakı  Azərbaycanın həm regional, həm də qlobal səviyyədə sülhün təşviqinə verdiyi ardıcıl töhfələrin dünya miqyasında tanınmasının, beynəlxalq sülh platformasında artan rolunun göstəricisidir.

Qlobal barışa töhfə 

Xatırladaq ki, Ümumdünya İqtisadi Forumu çərçivəsində bu il yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Prezident İlham Əliyev, tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədini imzalayıblar. Bununla da Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biri olub. 

Azərbaycanın bu nüfuzlu qurumda təsisçi üzv qismində təmsil olunması, Bakının sülh strategiyasının qlobal əhəmiyyətini təsdiqləyir. Eyni zamanda ölkəmizin Sülh Şurasında iştirakı həm diplomatik uğur, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin sülhə verdiyi töhfələrə olan etimadının təzahürüdür. Regional münaqişənin ədalətli həlli, suverenliyin və ərazi bütövlüyünün təmin olunması, dialoq və əməkdaşlığın təşviqi kimi vacib məsələlər də bu qəbildəndir. 

Azərbaycan Qarabağ münaqişəsini siyasi qətiyyəti və hərbi gücü ilə 2020-ci ildə həll edib. Bakının postmünaqişə dövründə yürütdüyü siyasi xətt də barış, qarşılıqlı anlaşma və əməkdaşlıq istiqamətində olub. Ötən müddətdə Azərbaycan sülh gündəliyinin irəlilədilməsi üçün atdığı real addımlarla əsas hədəfinin dayanıqlı sülh olduğunu göstərib. Hazırda regionda birgəyaşayış və əməkdaşlıq üçün formalaşdırılmış münbit zəmin bu istiqamətdə səylərin nəticəsidir.

Ötən il 8 avqust tarixində Vaşinqton Sammitində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətninin paraflanması bölgədə de-fakto sülh yaradıb. 

Ölkəmiz təkcə bölgədə deyil, qlobal səviyyədə sülhün əldə olunması üçün mühüm çağırışlar edir, əməli işlər həyata keçirir. 

Azərbaycanın beynəlxalq arenada sülhün və təhlükəsizliyin təminatçısı kimi rolu, ABŞ tərəfindən də yüksək qiymətləndirilir və bu dəstək ikitərəfli münasibətlərin əsasını təşkil edir. Bu tərəfdaşlıq regional sabitliyin möhkəmləndirilməsi və sülh proseslərinin irəli aparılması istiqamətində konkret mexanizmlərlə və atılan real addımlarla gücləndirilir.

Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq münasibətlərinin 33 ildən artıq tarixi var. Lakin o da reallıqdır ki, Amerika ilə Azərbaycan arasında ikitərəfli əlaqələr məhz Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi  dönəmində müsbət dinamika qazanıb. 

ABŞ-Azərbaycan əlaqələri tarixi mərhələdə

Ötən ilin 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Donald Trampın rəsmi dəvəti ilə Vaşinqtona işgüzar səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Həmin zaman ABŞ liderinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi, "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi və digər diqqətçəkən məqamlar da buna nümunədir. 

Bu il fevralın 10-da Bakıda "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açdı. Sözügedən tarixdə Bakıda Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey.Di.Vensin geniş tərkibdə görüşü oldu. Həmin görüşdə Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə vurğu etdi: "Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir". 

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı - enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində üç istiqaməti əhatə edir.

Bu, Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldiyini, enerji təhlükəsizliyindən geosiyasi sabitliyə qədər geniş spektrdə əməkdaşlığın dərinləşdiyini nümayiş etdirir. Bu əməkdaşlıq sadəcə ikitərəfli deyil, həm də regional və qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. 

Onu da xüsusi vurğulayaq ki, Vaşinqton Sammitində razılaşdırılan TRIPP (Zəngəzur dəhlizi) ABŞ-nin dəstəyi ilə regional nəqliyyat və tranzit layihələrinin genişləndirilməsinə mühüm töhfə verəcək. 

Azərbaycanın nümayiş etdirdiyi diplomatik fəallıq və ABŞ ilə qurulan strateji tərəfdaşlığın yeni keyfiyyət mərhələsi, ümumilikdə Cənubi Qafqazın taleyində əməkdaşlığa əsaslanan yeni səhifə açır.  

Prezident İlham Əliyevin Vaşinqtona işgüzar  səfəri və Sülh Şurası çərçivəsində irəli sürülən təşəbbüslər bir daha sübut edir ki, Azərbaycan artıq sadəcə regional problemlərin həllində tərəf deyil, həm də qlobal sülhün yaradılmasında əsas tərəflərdən biridir. Bu isə ölkəmizin sülh modelinin bu gün dünya üçün təhlükəsiz gələcəyə doğru ən etibarlı yol xəritələrindən biri olduğunu təsdiqləyən faktordur. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr