"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Trans-Xəzər əməkdaşlığı və Orta Dəhlizlə bağlı aparılan müzakirələr göstərir ki, Azərbaycan artıq təkcə region ölkəsi deyil, Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi aktorlardan birinə çevrilməkdədir. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri və logistika marşrutları dövlətlərin siyasi çəkisini müəyyən edən əsas amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və bu üstünlüyü real infrastruktura çevirməsi ölkənin strateji əhəmiyyətini daha da artırır: "Son illərdə Azərbaycan tərəfindən dəniz limanlarının genişləndirilməsi, dəmir yollarının modernləşdirilməsi, yeni avtomobil magistrallarının tikilməsi və rəqəmsal bağlantı layihələrinin həyata keçirilməsi ölkənin regional nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılmış məqsədyönlü addımlardır. Orta Dəhlizin inkişafı xüsusilə qlobal ticarət marşrutlarının şaxələndirilməsi fonunda daha актуal xarakter alır. Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ olaraq Trans-Xəzər xəttinin gücləndirilməsi Avropa, Mərkəzi Asiya və Çin üçün daha təhlükəsiz və sabit logistika imkanları yaradır. Bu proses Azərbaycanın geosiyasi mövqeyinə birbaşa təsir göstərir. Çünki tranzit ölkə statusu təkcə iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda siyasi təsir alətidir. Azərbaycanın müxtəlif güc mərkəzləri – Avropa İttifaqı, ABŞ, Çin, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə paralel əməkdaşlıq qurması onun balanslaşdırılmış və çoxşaxəli xarici siyasət modelini gücləndirir. Bu isə ölkənin beynəlxalq arenada etibarlı tərəfdaş imicini möhkəmləndirir.
Trans-Xəzər əməkdaşlığının digər mühüm aspekti regional sabitlik və sülh perspektivləri ilə bağlıdır. Ermənistanla münasibətlərin normallaşması və yeni nəqliyyat-kommunikasiya xətlərinin açılması Cənubi Qafqazda iqtisadi inteqrasiyanı dərinləşdirə bilər. Tarixi təcrübə göstərir ki, iqtisadi qarşılıqlı asılılıq siyasi sabitliyin möhkəmlənməsinə və münaqişə risklərinin azalmasına xidmət edir. Bu baxımdan, bağlantı layihələri yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.
Eyni zamanda, böyük güclərin regiona artan marağı Azərbaycanın rolunu daha da ön plana çıxarır. ABŞ-nin, Avropa İttifaqının və Çinin Orta Dəhliz layihələrinə maraq göstərməsi onu qlobal rəqabət və əməkdaşlıq məkanına çevirir. Belə şəraitdə Azərbaycanın əsas vəzifəsi balans siyasətini qorumaq, milli maraqları təmin etmək və regional lider mövqeyini daha da gücləndirməkdir. Trans-Xəzər əməkdaşlığı və Orta Dəhlizin inkişafı Azərbaycanın iqtisadi potensialını artırmaqla yanaşı, onun geosiyasi çəkisini, beynəlxalq nüfuzunu və regional sabitliyin təmin edilməsində rolunu əhəmiyyətli dərəcədə gücləndirir. Bu layihələrin uğurla reallaşdırılması ölkəni Avrasiyanın əsas logistika və əməkdaşlıq mərkəzlərindən birinə çevirə bilər".