AZ

Qırğızıstan Konstitusiya Məhkəməsi: Sadır Japarov növbəti dəfə prezidentliyə namizəd ola bilər

Bakı, 19 fevral, AZƏRTAC

Qırğız Respublikasının Konstitusiya Məhkəməsi Prezident Sadır Japarovun müraciətindən sonra prezident seçkilərinin vaxtı ilə bağlı Konstitusiyanın müddəalarının rəsmi şərhini verib.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, məhkəmə hazırkı dövlət başçısının seçkilərdə iştirakı məsələsinə də aydınlıq gətirib. Konstitusiya Məhkəməsi qeyd edib ki, Prezident Sadır Japarovun hazırkı altıillik səlahiyyət dövrü onun ilk prezidentlik müddəti hesab olunur. Buna görə də hazırkı dövlət başçısının 2027-ci il seçkilərində iştirak etmək və qalib gələcəyi təqdirdə, mövcud Konstitusiyaya əsasən, beş il müddətinə ikinci dəfə həmin vəzifədə xidmət etmək hüququ var.

Konstitusiya Məhkəməsi, həmçinin erkən seçkilərin mümkünlüyünə də aydınlıq gətirib. O, prezidentlik müddəti ilə bağlı ictimai müzakirələrin erkən səsvermə üçün hüquqi əsas olmadığını vurğulayıb.

Məhkəmə erkən seçkilərin yalnız dövlət başçısının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması - könüllü istefa, müəyyən edilmiş qaydada vəzifədən uzaqlaşdırma, sağlamlıq səbəblərinə görə vəzifələrini yerinə yetirə bilməməsi və ya ölüm hallarında mümkün olduğunu bildirib. “Bu siyahı tamdır və digər əsaslar Konstitusiyaya ziddir”, -deyə şərhdə vurğulanıb.

Şərhdə qeyd edilib ki, həmin şərtlər olmadan erkən seçkilərin keçirilməsi hüquqi cəhətdən mümkün deyil.

Məhkəmənin qərarına əsasən, Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 24-də keçiriləcək.

Seçilən
99
1
azertag.az

2Mənbələr