BAKI, 19 fevral. TELEQRAF
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hesablayıcı komissiyanın üzvü, Parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü Səbinə Salmanova Sumqayıt şəhər 1, 11, 16 və 18 nömrəli məktəblərlərinin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.
Bu barədə Teleqraf-a Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qonaqlar muzeydəki eksponatlarla tanış olmuş və onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.