AZ

Bakıda Azərbaycan və Özbəkistanın müttəfiqlik fəaliyyəti müzakirə edilib

Özbəkistanın Bakıdakı səfirliyində "Özbəkistan - Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası" mövzusunda dəyirmi masa keçirilib.

"Report"un məlumatına görə, Özbəkistan və Azərbaycandan olan ekspertlər iqtisadiyyatda və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, təhsil və mədəni-humanitar əlaqələrin inkişafı, müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da artırılması məsələlərini nəzərdən keçiriblər.

Özbəkistanın Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktorunun müavini Akramjon Nematov qeyd edib ki, tərəflər bir sıra birgə təşəbbüslərin həyata keçirilməsini planlaşdırırlar.

"Xəzər vasitəsilə "yaşıl dəhliz"i həyata keçirmək, İpək Yolu çərçivəsində layihələr reallaşdırmaq, nəqliyyat-logistika əlaqəliliyini inkişaf etdirmək kimi planlarımız var. Layihələrimizin təhlükəsizliyini təmin etmək üçün ümumi platforma yaratmaq, birgə dayanıqlılıq və kibertəhlükəsizlik mərkəzi formalaşdırmaq bizim üçün vacibdir", - o vurğulayıb.

Tədbirdə, həmçinin Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iştirak edib. O qeyd edib ki, son illər ərzində Bakı ilə Daşkənd arasındakı münasibətlər müxtəlif istiqamətlərdə yeni səviyyəyə yüksəlib: "Bu gün Azərbaycan ilə Özbəkistan arasında sıx əlaqə ali səviyyə də daxil olmaqla bütün səviyyələrdə qurulub".

O əlavə edib ki, belə bir dinamika iki ölkənin liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin daimi əlaqələri sayəsində mümkün olub.

Seçilən
81
far.az

1Mənbələr