AZ

Putin Paşinyana 3 istiqamətdən hücuma hazırlaşır “Gümrü ssenarisi reallaşa bilər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi mübarizə getdikcə daha da kəskinləşir. Hakimiyyətə qarşı çıxan qüvvələr aralarındakı daxili ziddiyyətləri müvəqqəti kənara qoyaraq yeni koalisiyalar formalaşdırmağa çalışırlar. Müxalifətin vahid blok şəklində seçkilərə qatılması real görünməsə də, onların ən azı üç ayrı siyasi cəbhədə birləşərək parlamentdə çoxluq qazanmaq və hakim partiyanın namizədinin baş nazir seçilməsinin qarşısını almağı planlaşdırdığı bildirilir.

Globalinfo.az xəbər verir ki, hazırda “Gümrü modeli” yenidən gündəmə gəlib.

Bu taktika ötən ilin martında Gümrüdə keçirilən mer seçkilərində tətbiq olunmuşdu. Həmin vaxt bir-biri ilə rəqabət aparan müxalif qüvvələr seçkilərə ayrı-ayrılıqda qatılmış, lakin səsvermədən sonra birləşərək hakim partiyanın namizədinin seçilməsinə imkan verməmişdilər. Nəticədə müxalifət keçmiş kriminal nüfuza malik Vardan Qukasyanı mer seçmişdi. Sonradan onun rüşvət ittihamı ilə həbs olunmasına baxmayaraq, həmin siyasi model indi ümumölkə seçkilərində də tətbiq edilə bilər.

Hazırda müxalif qüvvələrin əsasən Kremlə yaxın hesab edilən iki oliqarx ətrafında cəmləşdiyi qeyd olunur. Bu mərkəzlərdən biri “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanı dəstəkləyir. Ev dustaqlığında olan biznesmen ötən il hakimiyyətin siyasətini tənqid etdikdən sonra aktiv şəkildə siyasətə qoşulub. Onun tərəfdarları “Güclü Ermənistan” partiyasını yaratsa da, Karapetyanın baş nazir olması hüquqi baxımdan mümkün sayılmır. Səbəb isə onun yaxın keçmişə qədər Rusiya və Kipr vətəndaşlığına malik olması və Ermənistan qanunvericiliyinin namizədlər üçün son dörd ildə ölkə vətəndaşlığı və daimi yaşayış tələbi qoymasıdır.

Buna baxmayaraq, partiya Karapetyanı baş nazir namizədi kimi təqdim etməyə çalışır və konstitusiyanın dəyişdirilməsi planını müzakirə edir. Hakim “Vətəndaş müqaviləsi” partiyası isə bu ideyanı “anti-konstitusion və qeyri-real” adlandırıb.

Digər siyasi mərkəz milyarder Qaqik Tsarukyan ətrafında formalaşır. Onun “Çiçəklənən Ermənistan” partiyası müxtəlif müxalif qüvvələri öz ətrafında toplamağa çalışır. Partiyanın siyahısına “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan və rusiyapərəst siyasətçi Suren Surenyants da qoşulub. Mətbuatda keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın da blokla əməkdaşlıq edə biləcəyi barədə məlumatlar yayılsa da, hələlik bu təsdiqlənməyib.

Eyni zamanda Ermənistanın ikinci prezidenti Robert Köçəryan yenidən baş nazir postu uğrunda mübarizəyə qatılmaq niyyətini açıqlayıb və digər müxalif qüvvələrlə əməkdaşlığı istisna etməyib. Üçüncü prezident Serj Sərkisyanın rəhbərlik etdiyi siyasi düşərgə isə seçkilərə ayrıca qatılmağa hazırlaşır, lakin gələcəkdə bloklaşma ehtimalı istisna edilmir.

Hakim partiya müxalifətin seçkilərdə ayrı-ayrı iştirak edib, səsvermədən sonra koalisiya quraraq hakimiyyətə gəlmək planından ehtiyat edir. Parlament sədrinin müavini Ruben Rubinyan bunu “Gümrü ssenarisinin ölkə miqyasında təkrarı” kimi qiymətləndirib.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, 7 iyun seçkilərindən sonra Ermənistan siyasətində nə keçmiş prezidentlər, nə də oliqarxlar qalacaq. Bunun hansı yollarla həyata keçiriləcəyi isə açıqlanmayıb.

Hazırda etibarlı sosioloji sorğuların olmaması siyasi qüvvələrin real reytinqini müəyyənləşdirməyi çətinləşdirir. Hakimiyyət tərəfdarları Azərbaycanla sülh prosesində əldə olunan irəliləyişin onların mövqelərini gücləndirdiyini düşünür. Müxalifət isə seçkilərdən sonra ölkədə “Paşinyansız Ermənistan”ın formalaşacağını iddia edir.

Beləliklə, qarşıdan gələn parlament seçkiləri yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın gələcək siyasi kursunun müəyyənləşməsi baxımından həlledici mərhələ kimi qiymətləndirilir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
globalinfo.az

1Mənbələr