AZ

Dövlət Proqramı sosial xidmətlərin keyfiyyətinin və institutsional inkişafının gücləndirilməsini hədəfləyir – ŞƏRH

Bakı, 18 fevral, AZƏRTAC

Hər bir Dövlət Proqramının məqsədi olduğu kimi, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın da öz əhatə etdiyi istiqamətlər üzrə ayrıca məqsədi var. Bu məqsəd bilavasitə sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, effektivliyinin artırılmasına xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bunun üçün konkret olaraq dövlətin sosial siyasətində konseptual yanaşmalar sərgilənir.

“Bu konseptual yanaşmanın da mərkəzində hesab edirəm ki, bilavasitə preventiv yanaşmalar öndə gəlir. Digər bir istiqamət isə institutsional qayğıdan icma əsaslı qayğıya keçiddir ki, bu da milli dəyərləri gücləndirən və bu tip xidmətlərdə icma əsaslarının daha aktiv iştirakını təmin etmək deməkdir. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən ən vacibi sosial xidmətlərin institutsional inkişafının formalaşmasıdır. Çünki burada həmin xidməti göstərən müəssisələrin şəbəkələşməsinə ehtiyac var. İnstitutsional tətbiq olmadan şəbəkələşmə mümkün deyil. Düşünürəm ki, prioritet istiqamətlərdə xidmətlərin şəbəkələşməsi üçün koordinasiya prosesinin gücləndirilməsinə ehtiyac var. Çünki koordinasiya olmadıqda idarəçilikdə qırılmalar baş verir ki, bu da effektivliyi aşağı salır. Məhz bu proqram koordinasiyanı təmin edir və bununla da çeviklik və effektivlik artır”,- deyə ekspert qeyd edib.

E.Əmirov bildirib ki, bu sənəddə bilavasitə qayğı mərkəzlərinin yaradılması, ailə tipli xidmət modellərinin qurulması, eyni zamanda, peşə standartlarının və kadr hazırlığının formalaşması və rəqəmsallaşma kimi məsələlər Dövlət Proqramının əsas prioritetlərindəndir.

“Boşluqlardan danışmalı olsaq qeyd etmək lazımdır ki, boşluqlar və prioritetlər bir-biri ilə çox əlaqəli və demək olar ki, eyni istiqamətə aiddir. Çünki proqramın hazırlanmasında və prioritetlərin müəyyən edilməsində məqsəd məhz mövcud boşluqların doldurulması olur. Parçalanmış xidmətlərin vahid koordinasiyası, icma əsaslı xidmətlərin zəif inkişafı, sosial işçi çatışmazlığı, prementiv yanaşmaların yetəri qədər olmaması, eyni zamanda, məlumat bazasının lazımi qədər formalaşmaması və paytaxtla regionlar arasında bu xidmətlərin göstərilməsində olan bərabərsizliklər həmin boşluqları əks etdirir ki, Dövlət Proqramı vasitəsilə bu boşluqların aradan qaldırılması hədəflənib. Bu istiqamətlərin həll edilməsi artıq proqramın öz məqsədinə çatması deməkdir”,- deyə o vurğulayıb.

Seçilən
89
2
azertag.az

3Mənbələr