AZ

Vaqif Sadıqov: Pley-off mərhələsi məsuliyyəti artırır, “Qarabağ” ikiqat güc sərf etməlidir

Bakı, 18 fevral, AZƏRTAC

Bugünkü görüşdə təcrübə və xarakter həlledici rol oynayacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.

O bildirib ki, Ağdam təmsilçisinə hər zaman inam var: “Rəqib çox çətin komandadır. Lakin Ağdam klubu indiyədək bütün avrokubok matçlarında layiqli mübarizə aparıb. Arzum budur ki, futbolçularımız güclü rəqib qarşısında çəkinmədən oynasınlar. Pley-off mərhələsinin adı məsuliyyəti daha da artırır. Bu raundun taleyi iki oyunun nəticəsindən asılı olacaq və burada təcrübə amili də mühüm rol oynayacaq”.

AFFA rəsmisinin sözlərinə görə, Azərbaycan çempionu bu gün ikiqat güc sərf etməli, intizamlı və inamlı olmalıdır: “Rəqibin heyətində zədəli oyunçuların olmasına baxmayaraq, onlar Bakıdan yaxşı nəticə ilə ayrılmaq istəyəcəklər. Bu mərhələ onlar üçün çox vacibdir. Şübhəsiz ki, rəqib də matça ciddi hazırlaşıb”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.

Seçilən
109
1
azertag.az

2Mənbələr