AZ

SON DƏQİQƏ: Sovet maşınları ilə bağlı qərar verilə bilər - İstifadəsi qadağan ediləcək?

Özbəkistanda SSRİ dövründən qalan və xalq arasında “Jiquli” kimi tanınan köhnə avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minib.

Nazirlər Kabinetinin qərarına əsasən, 2026-cı il fevralın 1-dən etibarən istehsal tarixindən 50 il və daha çox vaxt keçmiş avtomobillərin istismarı və yenidən qeydiyyatı qadağan olunub. Bu isə faktiki olaraq 1976-cı ildən əvvəl istehsal edilən “Jiquli”, “Moskviç” və digər sovet istehsalı maşınların mərhələli şəkildə yollardan çıxarılması deməkdir.

Maraqlıdır, oxşar məhdudiyyətlərin Azərbaycanda tətbiqi mümkündürmü? Sovet dövründən qalan avtomobillərlə bağlı gələcəkdə hansı qərarlar verilə bilər?

KONKRET.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, ölkədə avtomobillərin konkret istehsal olunduğu ölkəyə və ya dövrə görə məhdudlaşdırılması nəzərdə tutulmur.

Elməddin

Ekspert bildirib ki, hazırda əsas məsələ köhnə və istismara yararsız nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılmasıdır:

“Bununla bağlı hər hansı göstəriş yoxdur, belə bir qərar qəbul edilməyib və mövzu üzrə müzakirələr də aparılmır. Sadəcə avtomobillərin utilizasiya prosesi nəzərdə tutulur. İstismara yararsız digər nəqliyyat vasitələri kimi sovet dövründən qalan maşınlar da tədricən utilizasiyaya cəlb olunmalıdır.

Utilizasiya prosesi real vəziyyət nəzərə alınmaqla həyata keçirilir və bu, qısa müddətdə baş verməyəcək. Çünki ölkədə hələ də minlərlə vətəndaş gündəlik istifadə üçün sovet istehsalı avtomobillərdən yararlanır”.

Elməddin Muradlı qeyd edib ki, sovet avtomobillərinin yollardan tam yoxa çıxması uzun zaman tələb edəcək:

“Bu proses onilliklər çəkə bilər. İnsanlar hələ də həmin avtomobillərdən istifadə edir. Ona görə də konkret bir il və ya tarixlə bağlı qərar yoxdur.”

Beləliklə, yaxın illərdə Azərbaycanda sovet maşınlarına ümumi qadağa tətbiqi gözlənilmir, onların sayının azalması isə əsasən utilizasiya və təbii yenilənmə prosesi hesabına baş verəcək.

Seçilən
24
2
turkustan.az

3Mənbələr