AZ

Gənclərdə xroniki yorğunluq ciddi xəstəliyin əlaməti ola bilər - Nevroloqdan XƏBƏRDARLIQ

Yaddaş zəifləməsi, diqqət dağınıqlığı və davamlı enerji azalması ilə müşayiət olunan xroniki yorğunluq əksər hallarda funksional səbəblərlə – stress, yuxu pozuntuları, depressiya, anemiya, B12 vitamini çatışmazlığı və digər metabolik problemlərlə əlaqəli olur. Lakin bəzi hallarda bu əlamətlər sinir sistemi ilə bağlı ciddi patologiyaların erkən mərhələsinin göstəricisi ola bilər və bu zaman daha diqqətli yanaşma tələb olunur.

Son dönəmlər gənclərdə də tez-tez rast gəlinən diqqət dağınıqlığı və yaddaş zəifliyi haqqında həkim-nevroloq Qalib Əsədov Missiya.Az-a danışıb.

"Xroniki yorğunluqla yanaşı bir tərəfli əl və ya ayaqda keyimə və zəiflik, görmənin bulanıqlığı və ya ikigörmə, müvazinətin pozulması kimi əlamətlər müşahidə edilərsə, dağınıq skleroz ehtimalı nəzərə alınmalıdır. Bu xəstəlik zamanı yorğunluq çox vaxt əsas və erkən simptomlardan biri olur və adi istirahətlə aradan qalxmır. Eyni zamanda Alzheimer (yaddaş pozğunluğu) xəstəliyi və ya beyin qabığında atrofik dəyişikliklər olduqda yorğunluqla yanaşı son hadisələri tez-tez unutma, eyni sualları təkrarlama, danışarkən söz tapmaqda çətinlik kimi əlamətlər meydana çıxa bilər. Sadə diqqət dağınıqlığı ilə xəstəlik mənşəli yaddaş pozuntusunu ayırmaq olduqca vacibdir. Patoloji hallarda əlamətlər proqressiv xarakter daşıyır, yəni zaman keçdikcə daha da artır və dərinləşir",-nevroloq bildirib.

Qalib Əsədovun sözlərinə görə, əgər əlamətlər getdikcə pisləşirsə, yuxudan oyanarkən şüur bulanıqlığı yaranırsa, yeni nitq pozuntusu, bir tərəfli əzələ zəifliyi, sidik və ya nəcis saxlaya bilməmə, yaxud qıcolmalar müşahidə olunursa, bu zaman gecikmədən nevroloqa müraciət etmək lazımdır. 

Gənc yaşlarda (xüsusilə 18–40 yaş arası) yaddaş zəifləməsi, diqqət dağınıqlığı və davamlı yorğunluq əksər hallarda funksional səbəblərlə əlaqəli olsa da, bəzi hallarda erkən nevroloji patologiyanın başlanğıcı ola bilər.  Nevroloji müayinə zamanı həkim əzələlərdə bir tərəfli zəifliyin olub-olmamasını, reflekslərdə asimmetriyanı, patoloji reflekslərin mövcudluğunu qiymətləndirir. Eyni zamanda hissiyyat pozuntuları, müvazinəti saxlama qabiliyyəti, yeriş xüsusiyyətləri və kəllə-beyin sinirlərinin funksiyası yoxlanılır. Bu müayinə sinir sistemində üzvi patologiyanın olub-olmadığını müəyyən etməyə imkan verir."Əlavə olaraq laborator müayinələr mühüm rol oynayır. Xüsusilə B12 vitamini, fol turşusu, ferritin, TSH (qalxanabənzər vəz funksiyası), D vitamini, qlükoza səviyyəsi yoxlanılmalıdır. İltihabi proses şübhəsi varsa CRP və ya EÇS (ESR) təyin edilə bilər. Əksər hallarda gənc pasiyentlərdə simptomların səbəbi məhz bu mərhələdə aşkar edilir. Əgər klinik müayinə zamanı üzvi nevroloji əlamətlər müəyyən olunarsa, beyin MRT müayinəsi mütləqdir. Yanaşı olaraq qıcolmalar, bayılma epizodları və ya dövri huş itkisi müşahidə edilərsə, EEQ müayinəsinin aparılması məqsədəuyğundur.Vaxtında və sistemli yanaşma həm ciddi patologiyaların istisna edilməsinə, həm də düzgün müalicə planının qurulmasına imkan verir",- Q.Əsədov əlavə edib.İlahə Qənbərli

Missiya.Az

Seçilən
36
missiya.az

1Mənbələr