AZ

Fariz İsmayılzadə: Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası real layihələr üzərində qurulur

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyası, sadəcə siyasi şüarlar deyil, konkret iqtisadi, nəqliyyat və enerji layihələri üzərində qurulan real prosesdir. Bu proses, eyni zamanda, institutların möhkəmləndirilməsini və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında inteqrasiya proseslərinin güclənməsində ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə də mühüm rol oynayıb. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər həm Türk dünyası daxilində, həm də bütövlükdə regionda inteqrasiya proseslərinə ciddi impuls verib.

Fariz İsmayılzadə bu baxımdan Türk Dövlətləri Təşkilatının inkişaf yolunu uğurlu model kimi dəyərləndirib. O qeyd edib ki, bu təşkilat ilkin mərhələdə humanitar əməkdaşlıq formatında fəaliyyət göstərsə də, zamanla güclü inteqrasiya prosesləri, müxtəlif institutların yaradılması, dövlət başçılarının sammitləri və iqtisadiyyat, energetika, təhlükəsizlik sahələrində konkret layihələrlə möhkəmlənib.

Deputat bildirib ki, bu model C6 formatı üçün də tətbiq oluna bilər. Onun fikrincə, C6 yalnız dövlət başçılarının görüşləri ilə məhdudlaşmamalı, daimi fəaliyyət göstərən institutlar, ekspertlər, iqtisadçılar və energetiklər arasında fasiləsiz dialoq mexanizmləri formalaşdırılmalı, konkret əməkdaşlıq layihələri həyata keçirilməlidir.

Seçilən
39
1
azertag.az

2Mənbələr