AZ

Alman alimindən ŞOK İNQİLAB KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

1912-ci ildə bir alman alim bir xəritəyə baxdı və bu baxış onun həyatına başa gələcək, amma Dünya haqqında anlayışımızı əbədi olaraq dəyişəcək bir şeyi üzə çıxardı.

Alfred Veqener meteorologiya üzərində işləyərkən bir dünya xəritəsinə nəzər saldı və donub qaldı. Afrika ilə Cənubi Amerikanın sahil xətləri bir-birinə mükəmməl şəkildə uyğun gəlirdi. Sanki eyni pazldan qoparılmış iki parça idilər.

Amma məsələ təkcə bunlarla bitmirdi. Avropa və Şimali Amerika. Antarktida və Avstraliya. Madaqaskar və Hindistan. Veqener düşündü: bəs əgər bu qitələr həmişə okeanlarla ayrılmamış olsaydı? Ya milyonlarla il əvvəl tək bir qitə olsaydılar?

O buna Pangeya adını verdi — qədim superqitə. Və mümkünsüz kimi görünən bir fikir irəli sürdü: qitə sürüşməsi. Yəni qitələrin sabit olmadığı, əksinə Yer səthində yavaş-yavaş hərəkət etdiyi ideyası.

Bu möhtəşəm idi. İnqilabi idi. Məntiqli idi.

Və məhz buna görə elmi ictimaiyyət onu yerlə-yeksan etdi.

“Qitələr hərəkət etmir”,— deyə geoloqlar istehza etdilər. “Bu cəfəngiyyatdır”. Onun nəzəriyyəsi tamamilə absurd və uyğunsuz adlandırıldı. Tanınmış bir alim isə bunun “sanki Yer qabığının balqabaqdan hazırlandığını fərz etmək kimi” olduğunu söylədi.

Problem nə idi? Veqener mexanizmi izah edə bilmirdi. O, qitələrin sürüşdüyünü bilirdi. Sübutlar çox güclü idi, amma bunu izah edəcək elmi mexanizmlər yalnız 50 il sonra ortaya çıxacaqdı. Buna baxmayaraq, o təslim olmadı.

İllər boyu sübutlar topladı: okeanların qarşı sahillərində uyğun gələn fosillər, uzaq qitələrdə eyni qaya formalaşmaları, quru kütlələrinin hərəkəti ilə mənalı hala gələn qədim iqlim modelləri.

1930-cu ilin noyabrında Veqener daha çox sübut toplamaq məqsədilə Qrenlandiyaya dördüncü ekspedisiyasına rəhbərlik etdi. 50 yaşında olan Veqener amansız Arktika şəraitində, ucqar bir tədqiqat stansiyasına ərzaq çatdırmaq üçün irəliləyirdi.

1 noyabrda Veqener və yoldaşı −60°F (−16°C) soyuqda geri dönüş yoluna çıxdılar. Bir daha geri qayıtmadılar.

Altı ay sonra, 1931-ci ilin mayında axtarış qrupları Veqenerin cəsədini qarın altında basdırılmış halda tapdılar. Yoldaşı onu diqqətlə bükmüş və məzarı buzun içinə sancılmış xizəklərlə işarələmişdi. Bu, dünyanın inanmaqdan imtina etdiyi bir adama ucaldılmış bir abidə idi.

Onun nəzəriyyəsi də onunla birlikdə basdırıldı. Rədd edildi. Unuduldu.

Otuz il ərzində…

Sonra 1960-cı illərdə alimlər okean dibinin altında fövqəladə bir şey kəşf etdilər: davamlı şəkildə yeni Yer qabığının yarandığı orta okean silsilələri. Yer tarixini qeydə alan süxurlardakı maqnit naxışları. Ayaqlarımızın altında hərəkət edən nəhəng tektonik plitələrin sübutu.

Hər şey yerinə oturdu.

Veqener əvvəldən haqlı imiş.

İzah edə bilmədiyi mexanizm plitə tektonikası idi: Yer qabığının nəhəng plitələrinin ərimiş qaya üzərində üzməsi, toqquşaraq dağlar yaratması, ayrılaraq okeanları formalaşdırması və planetimizi milyonlarla il ərzində yenidən şəkilləndirməsi.

Veqenerin etdiyi hər bir proqnoz təsdiqləndi. Ona yönəlmiş hər bir istehza səhv çıxdı.

Bu gün onun adı hər bir geologiya dərsliyində var. Şagirdlər ibtidai məktəbdə Pangeya haqqında öyrənirlər. Alimlər onun nəzəriyyələrindən zəlzələləri proqnozlaşdırmaq, vulkanik fəaliyyəti anlamaq və Yer üzündə həyatın tarixini izləmək üçün istifadə edirlər.

Amma Alfred Veqener heç vaxt haqlı olduğunu sübut edə bilmədi.

O, Şimal qütbündə tək-tənha öldü — sübut edə bilməyəcəyi bir həqiqətə inanaraq və inkişaf etdirməyə çalışdığı cəmiyyət tərəfindən lağa qoyularaq.

Amma o davam etdi. Şöhrət üçün yox. Təsdiq almaq üçün yox. Çünki bir dəfə həqiqəti görəndə, onu görməzdən gəlmək mümkün deyil.

Qitələr hərəkət edirdi.

Yer ayaqlarımızın altında canlı idi.

Hamı kor ikən, o gördü.

Alfred Veqenerin hekayəsi bizə xatırladır ki, həqiqətin doğru olmaq üçün icazəyə ehtiyacı yoxdur. Ən mühüm kəşflər çox vaxt dünyanın gözündə yanılmağı gözə alan, amma kainatın gözündə haqlı olan insanlardan gəlir.

Bəzən edə biləcəyiniz ən cəsarətli şey hamının baxdığı şeyə baxmaq və heç kimin verməyə cəsarət etmədiyi sualı verməkdir.

Bəzən ən güclü miras, yaşadığınız dövrdə şahidi olduğunuz miras deyil.

Siz getdikdən sonra hər şeyi dəyişdirən mirasdır.

Alfred Veqener — Dünya hələ “görünən” olmamışdan çox əvvəl, onun hərəkət etdiyini görən adam.

Ben Allen

Tərcümə etdi: Ağagül Mürsəlov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
konkret.az

2Mənbələr