AZ

Prezident Münhendə təsdiqlədi: Bu məsələdə güzəşt yoxdur!

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Transatlantik ailə görüşü” adlandırılan və ənənəvi olaraq, Qərb blokunun birliyinin sərgiləndiyi Münhen Təhlükəsizlik Konfransı bu dəfə daha çox “ailədaxili münaqişə” ilə yadda qaldı. ABŞ-Avropa xəttində qarşıdurma açıq müstəviyə keçib və toqquşma artıq “ailə daxilindən kənara”, qlobal müstəviyə daşınır. Qərb liderlərinin Münhen tribunasındakı ritorikası mövcud mənzərəni tam əks etdirirdi.

Bu qarşıdurma fonunda Münhendə birləşdirici, həm də bütün tərəflərin təmas qurmaq istədiyi, verdiyi mesajlara, etdiyi çıxışlara Avropanın qulaq kəsildiyi bir lider vardı: Azərbaycan Prezidenti İlham Əliyev.

Bakıda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşən, Vaşinqtonun regionda həlledici və qərarverici oyunçu kimi qəbul etdiyi Prezident İlham Əliyev Münhendə Avropa liderlərinin xüsusi diqqəti ilə qarşılandı. Təsadüfi deyildi, çünki yeni dünya nizamının formalaşdığı mövcud vəziyyətdə qlobal qarşıdurma açıq müstəviyə keçib və bu geosiyasi mübarizədə Prezident İlham Əliyev bütün tərəflərin sıx münasibət qurmaq istədiyi nadir liderdir. Bu kontekstdə Azərbaycan liderinin Münhendə verdiyi mesajlar, keçirdiyi görüşlər Avropa elitası üçün maraqlı idi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində diqqət mərkəzində olan panel iclaslarından biri də məhz Azərbaycan liderinin iştirak etdiyi “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusundakı müzakirələr oldu. Üç amil burada xüsusilə önəmlidir.

- Dəhlizlər urğunda gedən yeni əsrin güc mübarizəsində Trans-Xəzər nəqliyyat marşrutu önəmli paya sahibdir;

- Avrasiyanın nəqliyyat şəbəkəsini birləşdirən bu marşrutun açar ölkəsi Azərbaycandır;

- Azərbaycan lideri Çindən Avropaya uzanan marşrutun keçdiyi coğrafiyada proseslərin inkişafına yön verən birləşdirici liderdir;

Bu amillərə görə Azərbaycan liderinin iştirak etdiyi panel müzakirələrinə beynəlxalq diqqət böyük idi. Prezident İlham Əliyevin əsas qayəsi isə dəyişməz olaraq qalır: Azərbaycanın milli maraqlarının təmin edilməsi.

Avropa tribunasından Azəbaycanın mövqeyini – qlobal və regional proseslərə yanaşmasını təqdim etmək üçün Münhen mühüm platforma idi və Prezident İlham Əliyev bu imkandan diplomatik ustalıqla istifadə etdi.

- Prinsipiallıq, cəsarət və siyasi iradə...

Bu, Prezidentin verdiyi mesajlarda açıq hiss olunurdu.

İlham Əliyev növbəti dəfə dünyaya göstərdi ki, Azərbaycan təkcə regional aktor deyil, artıq öz sözünü qlobal siyasi masada deyən, mövqeyini açıq və tərəddüdsüz ifadə edən güclü dövlətdir. Onun bu toplantıda iştirakı diplomatik jestlərin və protokol çıxışlarının fövqündə idi: söhbət milli maraqların sərt, aydın və kompromissiz müdafiəsindən gedir.

- Azərbaycan məsələsində güzəşt yoxdur...

Dövlət başçısı qlobal təhlükəsizliyin müzakirə edildiyi platformada bir daha bu prinsipial mövqeyi bəyan etdi.

İlham Əliyevin çıxışlarının əsas xəttini bir fikir təşkil edirdi: Azərbaycanın dövlət maraqları müzakirə mövzusu deyil, ola bilməz. Bu, sadəcə ritorik tezis deyil, konkret davranış modelidir. Prezidentin mesajı aydın idi: beynəlxalq münasibətlər sistemində bəzən “konsensus” adı altında təqdim olunan güzəştlər Azərbaycanın milli maraqları hesabına baş verə bilməz.

Onun ritorikası ilə siyasi davranışı üst-üstə düşür. Münhendə səsləndirilən fikirlər təkcə auditoriyaya yönəlmiş mesajlar deyildi, eyni zamanda konkret siyasi qərarların və mövqelərin davamı idi. Münhen konfransından üç gün öncə - 11 fevralda Bakıda baş verənlər bunun əyani sübutudur.

Böyük güclərə qarşı balanslı, amma sərt xətt

Prezidentin Münhendə “France-24” telekanalına müsahibəsində məlum oldu ki, ABŞ-ın vitse-prezidenti Vens Bakı səfərində erməniəsilli məhkumlarla bağlı məsələni müzakirə etmək istəyib. Lakin Azərbaycan lideri qətiyyətli və prinsipial mövqeyindən geri çəkilməyib: xalqımıza qarşı müharibə cinayətləri törətmiş şəxslər ədalətin tələb etdiyi cəzanı çəkməlidir. Bu, diplomatiyada nadir hallarda müşahidə olunan situasiyadır, çünki kiçik və orta gücə malik dövlətlər böyük güclər qarşısında adətən daha elastik mövqe nümayiş etdirməyə çalışır. Azərbaycan lideri isə qəti və konkret mövqe ortaya qoyub. Məsələ milli və dövlət maraqları olanda İlham Əliyevin prinsipləri dəyişməzdir.

Bu, iki mühüm mesajı özündə ehtiva edir:

- Azərbaycan hüquqi məsələlərdə selektiv yanaşmanı qəbul etmir;

- Dövlət suverenliyi heç bir siyasi təzyiq və ya xahiş qarşısında zəiflədilə bilməz.

Bu, həm də Azərbaycanın artıq “təsir obyektindən” “təsir subyektinə” çevrildiyini göstərən mühüm siqnaldır.

Fransaya açıq mesaj: Avropaya ünvanlanan siyasi iradə

Fransalı jurnalistin suallarına verilən cavablar ümumilikdə İlham Əliyevin Avropa siyasi mərkəzlərinə yönələn açıq və cəsarətli ritorikasının nümunəsi idi. Fransa kimi qlobal liderliyə oynayan dövlətin Ermənistanla bağlı mövqeyinin açıq şəkildə tənqid edilməsi, üstəlik bunu birbaşa bu ölkənin auditoriyasına ünvanlamaq ciddi siyasi iradə tələb edir.

Dövlət başçısının bu mövqeyi bir neçə istiqamətdə oxunmalıdır:

- Azərbaycan artıq Avropanın ikili standartlarını açıq şəkildə ifşa edir;

- Parisin regiondakı siyasəti Bakının səssiz müşahidəsi altında deyil;

- Qarabağsonrası reallıqların qəbul etdirilməsi istiqamətində informasiya və diplomatiya müstəvisində mübarizə davam edir.

Ermənistan mesajı: sülh üçün şərt və siyasi realizm

İlham Əliyevin Münhendə Ermənistanla bağlı səsləndirdiyi fikirlər isə çıxışının əsas strateji istiqamətlərndən biri idi. Onun “Konstitusiya dəyişməlidir” mesajı artıq diplomatik ritorikadan çıxaraq, konkret siyasi tələb kimi formalaşıb.

Burada iki paralel xətt diqqət çəkir:

1. Hüquqi tələb: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması;

2. Siyasi realizm: “de-fakto sülh artıq mövcuddur” tezisi.

Bu yanaşma Azərbaycanın post-münaqişə mərhələsində təşəbbüsü əlində saxladığının nümunəsidir. Şərtləri qoyan da, bunu diktə edən də Bakıdır.

Münhen çıxışı yeni siyasi doktrina kimi...

Prezident İlham Əliyevin Münhendə səsləndirdiyi fikirlər yeni siyasi doktrina kimi xarakterizə olunur.

- Suverenlikdən geri addım yoxdur;

- Beynəlxalq təzyiqlərə qarşı müqavimət;

- Regional reallıqların qlobal platformalarda qəbul etdirilməsi;

- Sülh gündəliyinin Azərbaycanın şərtləri ilə formalaşdırılması.

Bu, artıq klassik diplomatiya deyil, güc, legitimlik və siyasi iradənin sintezidir.

Münhen Təhlükəsizlik Konfransı İlham Əliyev üçün sadəcə, iştirak platforması olmadı. Bu, Azərbaycanın siyasi gücünün nümayiş olunduğu tribunaya çevrildi. Burada verilən mesajlar təkcə Ermənistan və Fransaya deyil, bütün beynəlxalq ictimaiyyətə ünvanlanmışdı.

- Azərbaycanla danışmaq olar, amma Azərbaycanı yönləndirmək olmaz.

Münhendə ən yadda qalan siyasi mesaj da məhz bu idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
axar.az

2Mənbələr