AZ

Qlobal Şəhərsalma Forumuna 3 ay qalır

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı yenidən dünyanın diqqət mərkəzinə çevriləcək

2026-cı ilin mayında Bakı dünyanı urbanizasiya, dayanıqlı şəhərsalma və həyat keyfiyyətinin artırılması mövzusunda fikir mübadiləsinə cəlb edəcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17–22 may tarixlərində paytaxtımızda keçiriləcək.

Azərbaycan Hökuməti və dövlət strukturları WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün səfərbər olublar. Artıq rəsmi hazırlıq mərhələsi uzun müddətdir ki, həm təşkilati, həm də logistik baxımdan davam edir. Bakı şəhəri bu qlobal platformaya ev sahibliyi etməyi strateji təşəbbüs kimi qəbul edib.

İlk növbədə təşkilati strukturun yaradılması bu prosesin əsas mərhələlərindən biri olub. Prezident İlham Əliyevin sərəncamı ilə WUF13-ün hazırlanması və idarə olunması üçün xüsusi Təşkilat Komitəsi təsis edilib və bu qurum bütün mərhələlər üzrə koordinasiyanı həyata keçirir.

Bu komitənin rəhbərliyi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilib. Məsələn, forumun milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax birgə görüşlər, brifinqlər və dialoqlar keçirərək forumun mövzusunu və əsas istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırıblar.

Ümumiyyətlə, COP29 kimi beynəlxalq gündəmin mərkəzində dayanan mötəbər platformaya ev sahibliyi etməsi ölkəmizin təşkilati gücünün və diplomatik çəkisinin göstəricisidir. Belə tədbirlər dövlətin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini nümayiş etdirir. Azərbaycan bu proseslərdə kənar müşahidəçi kimi yox, təşəbbüs irəli sürən, gündəm formalaşdıran tərəf kimi çıxış edir.

Bu baxımdan 2026-cı ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət daşıyır. Söhbət təkcə növbəti beynəlxalq tədbirdən getmir. Bu forum şəhərlərin gələcəyinin, urbanizasiyanın yeni mərhələsinin və dayanıqlı inkişaf modellərinin müzakirə olunduğu qlobal platformadır. Bakının bu prosesin mərkəzinə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunun məntiqi davamıdır.

Forum ölkəmiz üçün iki istiqamətdə mühüm imkan yaradır. Bir tərəfdən, son illər həyata keçirilən şəhərsalma layihələri, işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, paytaxtda və regionlarda aparılan yenidənqurma işləri dünya auditoriyasına təqdim ediləcək. Digər tərəfdən isə Azərbaycan dayanıqlı urbanizasiya, müasir şəhər idarəçiliyi və sosial inklüzivlik mövzularında qlobal diskussiyalara töhfə verən tərəf kimi çıxış edəcək.

Forum günlərində dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin Bakıya gəlməsi gözlənilir. Bu isə paytaxtın yalnız siyasi və iqtisadi mərkəz kimi deyil, həm də intellektual dialoq platforması kimi mövqeyini möhkəmləndirəcək. Şəhər bir neçə gün ərzində urbanistika ideyalarının, innovativ həllərin və yeni inkişaf yanaşmalarının toqquşduğu məkana çevriləcək.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm də tarixi və müasirliyin vəhdətini simvolizə edir. Qədim İçərişəhərin daş yaddaşı ilə müasir memarlıq nümunələrinin bir arada mövcudluğu Azərbaycanın urbanistik kimliyini özündə əks etdirir. Bu tədbir vasitəsilə ölkəmiz göstərir ki, ənənəyə sədaqət və müasir texnologiyaların tətbiqi paralel şəkildə inkişaf edə bilər.

Təbii ki, belə miqyaslı forumun təşkili ciddi hazırlıq tələb edir. Xarici qonaqların qarşılanması, təhlükəsizlik tədbirləri, logistika zəncirinin qurulması, beynəlxalq media ilə koordinasiya – bütün bu proseslər vahid mexanizm kimi işləməlidir. Azərbaycan əvvəlki təcrübələrdə bunun öhdəsindən uğurla gəldiyini sübut edib. Bu dəfə də məqsəd yalnız tədbiri keçirmək deyil, onu nümunəvi səviyyədə təşkil etməkdir.

WUF13 başa çatdıqdan sonra belə, onun təsiri davam edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edən aparıcı mərkəzlərdən biri kimi mövqeyini daha da gücləndirəcək. Eyni zamanda, forum çərçivəsində qurulan əlaqələr, imzalanan əməkdaşlıq təşəbbüsləri və aparılan müzakirələr ölkənin urbanizasiya siyasətinə yeni impuls verəcək.

Bakı 2026-cı ilin mayında sadəcə bir forumun keçirildiyi şəhər olmayacaq. O, şəhərlərin gələcəyinin müzakirə olunduğu qlobal tribunaya çevriləcək. Azərbaycan isə bu tribunalda öz sözünü deyən, təşəbbüs göstərən və gələcəyin şəhər modelini formalaşdırmağa çalışan dövlət kimi çıxış edəcək.

Əlaqələndirilmiş hazırlıq

Bakı Olimpiya Stadionu WUF13 üçün əsas məkan olaraq seçilib və burada tədbirə uyğun infrastruktur və məkan planlamaları aparılır. Bu stadionun logistika, konfrans zonaları, təqdimat sahələri və Urban Expo üçün uyğunlaşdırılması üzərində iş gedir.

Dövlət qurumları və turizm sektorunun aktorları ilə yerləşmə vasitələrinin nümayəndələri arasında görüşlər keçirilib. Bu görüşlərdə qonaqların rahat yerləşməsi, xidmət standartları və logistika məsələləri müzakirə olunub ki, tədbirdə iştirak edəcək qonaqlar üçün yüksək səviyyədə xidmət təmin edilsin.

Rəsmi sosial media hesabları və kommunikasiya platformaları da aktiv fəaliyyətə başlayıb, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyət forumun gedişatı, proqramı və yenilikləri barədə məlumatlandırılır.

Gənc enerji və könüllülük

Forumun bir başqa mühüm şərti geniş könüllü dəstək sisteminin qurulmasıdır. Forum üçün könüllü proqramı çərçivəsində 16 minədək müraciət daxil olub və bu müraciətlərin əsasında seçilən 2500 gənc könüllü üçün müsahibələr və təlim proqramları təşkil edilir. Bu könüllülər forum zamanı iştirakçıları qarşılayacaq, informasiya xidmətlərini dəstəkləyəcək və təşkilati proseslərdə fəal rol oynayacaqlar.

Bu təşəbbüs gənclər üçün yalnız fəaliyyətdə iştirak etmək deyil, həm də beynəlxalq təcrübə qazanmaq, müxtəlif ölkələrdən gələn iştirakçılarla ünsiyyət qurmaq və liderlik bacarıqlarını inkişaf etdirmək üçün bir fürsətdir.

Artıq 2025-ci ilin sonlarından etibarən görülən bu genişmiqyaslı hazırlıq tədbirləri forumun yüksək səviyyədə keçirilməsi üçün əsas zəmin yaradıb. Bu tədbir, həm də Azərbaycan üçün şəhərsalma sahəsində qlobal dialoqa qoşulmaq, təcrübə mübadiləsi aparmaq, eləcə də öz uğurlu şəhər layihələrini nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın bu sahədəki hazırlıqları onu yalnız regional lider deyil, həm də dünya miqyasında urbanizasiya prosesində söz sahibi dövlətlərdən birinə çevirir. Dünya şəhərləri üçün yeni ideyalar, dayanıqlı inkişaf strategiyaları və innovativ yanaşmalar WUF13 vasitəsilə formalaşacaq və Bakı bu dialoqun mərkəzində dayanacaqdır.

Nurlan ABDALOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr