AZ

“Traktor” ÇL-də qrup mərhələsini qələbə ilə bitirdi – ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu turnirin əsas mərhələsinin sonuncu – 8-ci turunda Qətərin “Əl-Qarafa” komandası ilə qarşılaşıb.

Səfərdə baş tutmuş bu oyunda təbrizlilər inamlı qələbəyə seviniblər – 2:0. Qələbə qollarını Mahdi Haşemnecad (61-ci dəqiqə) və Əmirhüseyn Hüseynzadə (81-ci dəqiqə) vurublar.

Qeyd edək ki, Asiya Çempionlar Liqasının cari mövsümündə ümumilikdə 24 komanda mübarizə aparırdı. İştirakçılar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünmüşdülər. Hər zonada 12 komanda yarışıb və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə mübarizə aparıblar.

Hər komanda 8 oyun keçirib. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanıb. Burada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.

“Traktor” “Qərb” zonasında yer alıb. Komanda qrup mərhələsini 17 xalla 3-cü pillədə başa vurub. Təbrizlilər növbəti mərhələdə Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşacaq. İlk oyun martın 3-də səfərdə, cavab görüşü martın 10-da Təbrizdə baş tutacaq.

Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
21
9
arena.az

10Mənbələr