AZ

“Atalanta” və “Roma” turu qalib başa vurdular

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

A seriyasında 24-cü tura fevralın 9-də keçirilən iki oyunla yekun vuruldu. "Football-plus.az" xəbər verir ki, Berqamo və Romada ev sahibləri qalib gəldilər.Ötən həftəiçi İtaliya kuboku oyununda “Yuventus”u 3:0 hesabıyla məğlub edən “Atalanta”dan fərqli olaraq “Kremoneze”nin çempionat matçına daha yaxşı hazırlaşmaq imkanı olmuşdu. Buna baxmayaraq, berqamolular yorğunluq amilinə görə heç də əziyyət çəkmədilər. Matça hücumlarla başlayan ev sahibləri statdakı fəallığının bəhrəsini ilk hissədəcə kifayət qədər gördülər: əvvəlcə Krstoviç hesabı açdı, Zappakosta isə 12 dəqiqə sonra komandasının üstünlüyünü iki topa çatdırdı. Bundan sonra oyunun tempini bir qədər azaldan Raffaele Palladinonun komandası fasilədən sonra bir neçə dəfə hesabı darmadağın həddinə çatdıra bilərdi. Lakin imkanlar qaçırıldı və əvəzində qonaq komanda son dəqiqələrdə təsəlli qolunu vurdu. 2:1 hesabıyla qalib gələn “Atalanta” çempionatdakı məğlubiyyətsiz seriyasını 7 oyuna (5 qələbə, 2 heç-heçə) çatdırdı. Xalını 39-a artıran berqamolular 7-ci pillədə qaldılar.Tura paytaxtdakı matçla yekun vuruldu. “Roma” bu mövsümün ilk dövrəsinin səfər oyununda “Kalyari”yə minimal hesabla məğlub olmuşdu. Praktiki olaraq Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan paytaxt təmsilçisinin bu turnirə iddia edən rəqiblərindən “Yuventus”la xal fərqi 3-ə bərabər idi. Başqa sözlə, sardiniyalılar üzərində qələbə “canavarlar”ı turinlilərə daha da yaxınlaşdıracaqdı. Belə də oldu. Son iki ayda qeyri-sabit çıxışı ilə daha çox yadda qalan Can Pyero Qasperininin komandası bu dəfə ciddi səhvə yol vermədi. Təcrübəli çalışdırıcının start heyətində meydana buraxdığı Malen etimadı doğrultdu. “Aston Villa”dan icarəyə götürülən niderlandlı hücumçu Mançini və Çelikin ötürmələri ilə dubl etdi. A seriyasındakı 4-cü oyununda qollarının sayını 3-ə çatdıran Doniell “Roma”nın qələbəsində böyük rol oynadı. Paytaxt klubu indi 4-cü yerdəki “Yuventus”dan yalnız topların fərqinə görə geri qalır. Lider “İnter”lə xal fərqi isə 12-yə bərabərdi.24-cü turAtalanta – Kremoneze 2:1Krstoviç, 13. Zappakosta, 25 – Torsbyu, 90+4. (21796)Atalanta: Karnesekki, Skalvini, Cimşiti, Kolaşinats (Bellanova, 59), Zappakosta (Kossunu, 59), Ederson, Zalevski (Bernaskoni, 70), Samarciç (Sulemana, 70), Paşaliç, Raspadori (Musa, 78), Krstoviç.Roma – Kalyari 2:0Malen, 25; 65. (60334)Roma: Svilar, Mançini, Ndika, Qilardi, Çelik, Kristante (Əl-Aynaui, 84), Fransa, Pizilli, Lorentso Pelleqrini (Saraqosa, 59), Sule (Venturino, 84), Malen (Arena, 84).Turun digər oyunlarının nəticələri: Cenoa – Napoli 2:3 (Malinovski, 3-p. Kolombo, 57 – Höylunn, 20; 90+5-p. Maktominey), Bolonya – Parma 0:1(Ordonyes, 90+5), Fiorentina – Torino 2:2 (Solomon, 51. Ken, 57 – Kazadey, 26. Maripan, 90+4), Sassuolo – İnter 0:5 (Bissek, 11. M.Türam, 28. L.Martines, 50. Akanci, 54. Luis Enrike, 89), Yuventus – Latsio 2:2(Makkenni, 59. Kalulu, 90+6 - Pedro, 45+2. İsaksen, 47), Verona – Piza 0:0, Leççe – Udineze 2:1 (Qandeman, 5. Banda, 90 – Sole, 26-p.).“Milan” – “Komo” oyunu fevralın 18-nə təxirə salınıb.1. İnter - 58, 2. Milan – 50 (23)... 4-5. Yuventus, Roma - 46… 7. Atalanta – 39... 12. Kalyari - 24…15. Kremoneze – 23...Bombardir: L.Martines (İnter) - 14.Turun rəqəmi22 - “Sassuolo”ilə oyunda hesabı 3:0-a çatdıran Lautaro Martines A seriyasında 128-ci qolunu vurdu. Argentinalı hücumçu Milan klubunun bu liqadakı bombardirlərinin siyahısında Alessandro Altobellini arxada qoyaraq 4-cü yerə təklikdə sahib oldu. Lautaronun indi Cüzeppe Meatsa (197), Benito Lorentsi (138) və Stefano Nyersdən (133) geri qaldığını da qeyd edək.Turun ulduzuFederiko Dimarko (İnter) - o, “Sassuolo” ilə oyunda “İnter”in 5:0 hesablı qələbəsində ən böyük pay sahibi oldu. Dimarko üç məhsuldar ötürmə ilə Bissek, Markus Türam və Akancinin qol vurmasına şərait yaratdı. Yeri gəlmişkən, Federiko bu mövsüm meydana çıxdığı 21 oyunda 11 dəfə assist etməklə çempionatın lideridi.Turun sitatıDaniele De Rossi, “Cenoa”nın baş məşqçisi:

“Nə deyəcəyimi bilmirəm. Biz – həmkarlarımın adından da danışıram – nə demək lazım gəldiyini bilmirik. “Napoli” ilə oyunun son saniyələrində adi hiyləgərliyə belə əl ata bilməməyimizin səbəb olduğu məyusluqdan başqa heç nə anlamırıq. Bizim oynadığımız futbol artıq mövcud deyil. Yəqin ki, mən artıq bu sahədə heç nə bilmirəm, hansı idman növündə məşqçi işlədiyimi bilmirəm. Bu əyri qaydalar oyunu məhv edir. Biz artıq hər şeyə aludə olmuşuq. Mən vaxtilə VAR-ın tərəfdarı idim. Futbol oynadığım dövrdə bu sistemin sayəsində daha az soyulacaqdım. Amma biz ona həddindən artıq dəyər veririk və bu təhlükəlidi. Futbolda həmişə təmas olacaq və bu məyusedici haldı. Ona görə ki, hamılıqla iştirak etdiyimiz bu oyunda qapımıza penalti təyin olunur...”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
89
1
icma.az

2Mənbələr