AZ

Azərbaycan vətəndaşları Ermənistana necə gedə bilər?

Ermənistanda çəkdiyi videolarla diqqətləri çəkən  Qərbi Azərbaycandan olan Rövşən Əhmədov humanist davranışı ilə gündəm olub. 

Həmyerlimiz Ermənistanda olarkən qardaşı ilə birlikdə qarlı havada çətin vəziyətə düşən erməni qadına və uşağına kömək edib. O, bundan əvvəl də  Ermənistanda bir neçə video çəkərək gündəm olmuşdu.

İki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və diplomatik əlaqələr qurulmayıb.  Belə bir şəraitdə Azərbaycan vətəndaşları hansısa ölkədəki Ermənistan səfirliyindən viza alıb bu ölkəyə  gedə bilərmi? 

Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan vətəndaşlarının hansısa ölkədəki Ermənistan səfirliyindən viza alıb Ermənistana getməsi mümkündür, lakin bu məsələ həm hüquqi, həm də siyasi baxımdan həssasdır, eləcə də təcrübədə müəyyən çətinliklər var: 

“Ermənistan qanunvericiliyində Azərbaycan vətəndaşları üçün ümumi giriş qadağası yoxdur. Lakin digər ölkələrin vətəndaşlarından fərqli olaraq sərhəddə əlavə yoxlama və sorğu-sual aparılması mümkündür. Keçmiş hərbçilər, dövlət strukturlarında fəaliyyət göstərən şəxslər və ya Qarabağla bağlı aktiv mövqe tutanlar ölkəyə buraxılmaya bilərlər. 

Bu, həm də vətəndaşların təhlükəsizliyi ilə bağlı ola bilər. Bildiyiniz kimi, Azərbaycan–Ermənistan sərhədi açıq deyil. Odur ki, səfərlər adətən üçüncü ölkə üzərindən həyata keçirilir. Ermənistana girişlə bağlı son qərar sərhəd orqanlarının səlahiyyətindədir və fərdi qaydada verilir. Yəni şəxsə əvvəlcədən giriş icazəsi verilsə belə, sərhəddə ölkəyə buraxılmamaq ehtimalı mövcuddur. 

Azərbaycan qanunvericiliyində Ermənistan səfərinə görə ümumi cinayət məsuliyyəti nəzərdə tutulmur. Ancaq dövlət qulluqçuları və hərbçilər üçün xidməti məhdudiyyətlər ola bilər. Səfərdən sonra sərhəd keçidi zamanı əlavə suallar verilə bilər”. 

Ekspert qeyd edir ki, Ermənistana səfər etmək istəyən hər kəs səfərdən əvvəl bu ölkənin diplomatik nümayəndəliyi ilə əlaqə saxlamalı və proseduru bir daha dəqiqləşdirməlidir.

Millət vəkili, miqrasiya üzrə ekspert Azər Allahverənov isə “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Və Ermənistan arasında hər hansı bir diplomatik münasibətlər mövcud deyil və bu səbəbdən viza rejimi də yoxdur: 

“Gələcəkdə diplomatik münasibətlər bərpa olunduqda ilkin mərhələdə ölkələr arasında viza rejimi təbiq olunacaq. Bu, çox tez baş verəcək hadisə deyil. Diplomatik münasibətlərin bərpası əvvəlcə sülh müqaviləsinin imzalanmasını tələb edir. 

İlk olaraq Ermənistan Respublikası konstitusiyasında zəruri dəyişiklik etməlidir. Konstitusiyada yer alan ərazi iddiaları məsələləri oradan çıxarılmalıdır. Konkret olaraq Ermənistan qonşularla münasibətdə hər hansı bir torpaq və ərazi iddiasında olmadığını sübut etməlidir. 

Bundan sonra sülh müqaviləsinin bağlanması üçün bir maneə qalmır. Ölkələr arasında diplomatik münasibətlərin qurulması viza rejiminin təbiq olunması məsələsinə dair qərarın verilməsi üçün zəruri fundament yaradır. 

Əgər viza rejimi tətbiq olunsa, hansısa səfirlikdən viza alınması məsələsi gündəmə gələ bilər. Belə olduğu halda iki yolla viza təminatı həyata keçirilə bilər - ya ölkə ərazisində, ya da qonşu ölkədə fəaliyyət göstərən səfirlik və ya konsulluq xidməti vasitəsilə. Hazırda buna dair hansısa qərar yoxdur”. 

Deputat qeyd edib ki, Gürcüstanda Ermənistan səfirliyi fəaliyyət göstərir: 

“Əgər bir neçə ildən sonra Azərbaycan və Ermənistan arasında vizalı gediş-gəliş olsa, ən yaxın səfirlik kimi Gürcüstanda olan Ermənistan səfirliyi nəzərdə tutula bilər. 

Təbii ki, burada uzaq vaxtdan söhbət gedir. O vaxta qədər isə situasiya radikal şəkildə dəyişə bilər. Hadisələr sürətlə cərəyan edir və hər dəfə yeni məsələlər ortaya çıxır. 

Bu məsələlər iki dövlət arasında sülh münasibətlərinin qurulması istiqamətində də qiymətləndirilə bilər. Bu, böyük ehtimalla gələcək uzaq vaxtda müzakirə olunacaq və hər iki dövlətin maraqlarının təmin olunması şərtilə həllini tapacaq məsələdir”. 

Seçilən
105
cebheinfo.az

1Mənbələr