“Ermənistan Konstitusiyası Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün maneə deyil və Ermənistan tərəfi onu sabah imzalamağa hazırdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan keçirdiyi briofinqdə belə deyib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “France 24”ə verdiyi müsahibədə Ermənistan Konstitusiyasında dəyişiklik edilənə qədər sülh müqaviləsi imzalanmayacağını deyib. Dövlət başçısı bildirib ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan dərhal sonra sülh müqaviləsi imzalanacaq.
Gevorq Papoyanın açıqlaması isə Ermənistan hakimiyyətinin konstitusiyanın yeni mətnindən preambula hissəsini çıxartmaq istəmədiyini göstərir:
“Burada yeni bir şey yoxdur. Çünki biz konstitusiyamızın sülh müqaviləsi imzalamaq üçün maneə olmadığına inanırıq və sabah sülh müqaviləsi imzalamağa hazırıq.
Bəyanatda, yanaşmamızda və mövqeyimizdə yeni bir şey yoxdur. Biz inanırıq ki, hətta bu vəziyyətdə belə, sülh müqaviləsi imzalaya bilərik. Çünki Konstitusiya Məhkəməmiz onunla ziddiyyət təşkil etmədiyinə dair açıq bir qiymətləndirmə verib”,- deyə Papoyan əlavə edib.
Qeyd edək ki, Ermənistan konstitusiyasının yeni mətni mart ayının əvvəlində dərc ediləcək. Bu zaman rəsmi İrəvanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il 1 dekabr tarixli qanunsuz qərara istinadı nəzərdə tutan preambula hissəsinin ali qanunda saxlanıldığı, yoxsa çıxarıldığı məlum olacaq.
Əgər Nikol Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasında preambulaya xitam verməsə, sülh müqaviləsinin imzalanması ləngiyə bilər. Lakin Ermənistan tərəfinin bu ilin payız aylarında keçiriləcəyi gözlənilən referenduma qədər konstitusiyanın mətninə yenidən baxmağa və preambulanı çıxartmağa vaxtı var.
Əgər mart ayında preambulanın yeni mətnə daxil edilmədiyi məlum olarsa, aprel ayına qədər sülh müqaviləsi imzalana bilər. Çox güman ki, hazırkı mərhələdə Ermənistan hökuməti bu cür açıqlamalar verməklə Azərbaycan tərəfini konstitusiyaya dəyişiklik edilmədən sülhün imzalanmasına inandırmağa çalışır.
Bu mənada, preambulanın ləğvi ilkin redaksiyada saxlanıla bilər. Azərbaycan buna etiraz edəcəyi halda konstitusiya layihəsi ümumxalq səsverməsindən əvvəl mətndən çıxarılacaq. Gevorq Papoyan Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il sentyabrın 26-da qəbul etdiyi qərara istinad edərək sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir.
Həmin qərarda preambula hissəsinin konstitusiyanın mətnində ayrıca maddə kimi təsbit olunmadığı əsas gətirilərək Ermənistanın başqa dövlətlərə ərazi iddiasının olmadığı iddia edilir. Halbuki, “Hüquqi Normativ Aktlar Haqqında Ermənistan Respublikası”nın qanununa görə, preambula normativ aktın strukturuna daxildir.
Yəni preambula konstitusiyanın tərkib hissəsidir və ali hüquqi qüvvəyə malikdir. Ona görə də Konstitusiya Məhkəməsi konstitusiyanın hər hansı müddəasına hüquqi xitam vermək səlahiyyətinə malik deyil.
Bu, sadəcə olaraq Ermənistanın siyasi manipulyasiya etdiyini göstərir. Hətta preambula ləğv edilmədən sülh sazişi imzalansa, Ermənistanda növbəti mərhələlərdə hakimiyyətə gələcək başqa siyasi qüvvələr həmin faktı əsas götürərək Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər.
Bu da sülh sazişinin mövcudluğuna perspektivdə zərbə vurmuş olar. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması hüquqi işğal sayılır.
Belə olan halda, hər hansı sülhdən söhbət gedə bilməz. Ona görə də sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasının preambula hissəsinin ləğvindən sonra mümkündür.