AZ

İndi də hədəfdə "Sabah"dır? - Növbəti həngamə

Yenə dünəndən aləm bir-birinə dəyib. Biri deyir “Sabah”ı “dartırlar”, biri deyir hakimlər “Sabah”dan qorxurlar, nə bilim nə...

Maraqlıdır, bu insanlar illərdir harada idilər? Yoxsa Azərbaycan çempionatını izləməyə bu mövsüm başlayıblar, bilmirəm.

Bəylər, “Sabah” nifrətiniz nədən irəli gəlir? Belə adını falan bəyənmirsinizsə, bu klub 2017-ci ildən mövcuddur. Amma qərəz bu mövsüm başladı, hansı ki, komanda liderliyə oynayır.

Hansısa klubun irəli çəkildiyini söyləyirsinizsə, adekvat olmalısınız. İllərdir Azərbaycan futbolunda hansı “hoqqa”ların yaşandığını, kimin necə “dartıldığını” siz də gözəl bilirsiniz. Amma bilə-bilə hər zaman susmusunuz. Əvvəllər ləkənizi “Neftçi”yə, “Xəzər Lənkəran”a atırdınız, bir ara “Qarabağ”a, indi də keçmisiniz “Sabah”a.

Niyə? Çünki illərdir dominantlıq edən “Qarabağ”a rəqib gəlib. Amma siz ölkədə yalnız bir çempionun olmasını istəyirsiniz. Hə, bunu könlünüzdə istəsəniz, başa düşmək olar. Amma açıq-aşkar deyirsiniz, hər cür rəqabətə qarşı çıxırsınız. İndi “Sabah”a 15 il əvvəl “Neftçi”yə, 10 il əvvəl “Qəbələ”yə yanaşdığınız kimi yanaşırsınız. Rəqabətə imkan vermirsiniz.

Sizin bu tip fikirləriniz “Qarabağ”ı gücləndirmir, əksinə zəiflədir. Avropa meydanlarına lərzə salan komandamızın güclü rəqabəti olan çempionata ehtiyacı var. Qurban Qurbanov özü də illərdir bunu istəyir, rəqabət görməyi arzulayır. Ağdam təmsilçisi “Sabah”la rəqabətdən zövq alır, həyəcan yaşayır. Bunun fonunda komanda daha da güclənir, yüksək tempdə oynamağa öyrəşir. 

“Qəbələ” – “Sabah” oyunundakı mübahisəli epizodda penalti yox idi. Həmin anda Stiv Solvetin əllərini genişləndirmədiyi, təbii vəziyyətdə olduğunu görmək mümkündür. Hətta bunu “idmanxeber.az” saytına açıqlamasında Deniz Ateş Bitnel də təsdiqləyib. Türkiyəli sabiq FİFA referisi həm qolun ləğvinin, həm də penalti təyin olunmamasının doğru qərar olduğunu açıqlayıb.

Bu qərarın tətbiqi Premyer Liqada ilk dəfə deyil. Elə bu mövsüm dəfələrlə eyni hal yaşanıb və penalti təyin olunmayıb. 1, 2, 3 matçda qərəz oldu, yaxşı. Amma bunların hamısı qərəz ola bilməz axı. Demək ki, qaydalar belədir. 

Daha nə istəyirsiniz? “Şamaxı” ilə matçda Bəhlul Mustafazadənin qırmızı almalı olduğu epizodu niyə bu qədər müzakirə etmədiniz? Ya da “Neftçi”nin oyunu təxirə salmağa "məcbur" qalmasını?

Siz belə etdikcə “Kəpəz” – “Qarabağ” matçında yaşanan hadisələr daha böyük vüsət alacaq. Bilmirsinizsə, nəzərinizə çatdırım ki, həmin görüşdə “Forza Neftçi” ilə “Xəmsə Ultras” birləşərək “Qarabağ”a qarşı şüarlar səsləndirirdi. Hansı ki, iki fanat qrupunun komandaları əzəli rəqibdir. Bunu kənara qoydular, ölkə futbolunda baş verən iyrəncliklərə qarşı birləşdilər. “Qarabağ” azarkeşlərinin özləri də ədalətsizlikdən beziblər. Komandalarını daha güclü görmək, qarşılarında dik duran rəqiblər istəyirlər. İmkan verin klublar futbol oynasınlar.

Açığı, bu kimi halların çempionatın davamında da yaşanacağı aşkardır. Çünki hər kəs ədalətsizliklərdən bezib, iyrənib. Əziz həqiqi azarkeşlər, “facebook”da rəylərdə ağzına gələni yazmayan, düşünən fanatlar, əsl vaxtdır. Komandalarınıza sahib çıxın, dəstək olun, birlikdə ölkə futbolunu ağ günlərə çıxaraq.

Orxan Süleymanlı

“Qalatasaray” üçün tarix təkərrür edəcək? - YENİLƏNİR

“Zirə”dən darmadağın

Giorgi Çixradze: “Qol təmiz idi”

Valdas Dambrauskas: “Qarabağ”ı başa düşmək olar”

XV turun oyun cədvəli açıqlanıb

Seçilən
37
1
apasport.az

2Mənbələr