AZ

“Uşaqlar hisslərini ifadə edə bilmir” – faciəyə gedən yol burada başlayır

Son dövrlər ölkəmizdə yeniyetmələr arasında intihar və intihara cəhd hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələr təkcə ayrı-ayrı ailələrin faciəsi deyil, eyni zamanda sosial, psixoloji və tərbiyəvi mühitlə bağlı daha geniş suallar ortaya çıxarır. Xüsusilə sosial şəbəkələrin təsiri, informasiya axınının nəzarətsizliyi, ailədaxili münasibətlərdə ünsiyyət problemləri və emosional dəstəyin yetərsizliyi kimi amillər müzakirə mövzusuna çevrilib.

Mütəxəssislər hesab edirlər ki, yeniyetməlik dövrü emosional baxımdan həssas mərhələ olduğundan bu yaş qrupunda baş verən hər bir psixoloji gərginlik daha kəskin formada özünü göstərə bilər. Məhz buna görə də məsələni yalnız fərdi hadisə kimi deyil, kompleks yanaşma tələb edən ictimai problem kimi dəyərləndirmək vacibdir.

Bu kontekstdə ailə münasibətləri, valideyn-övlad ünsiyyəti, hisslərin ifadə olunma mədəniyyəti və gənclərin emosional tərbiyəsi xüsusi diqqət tələb edən əsas istiqamətlərdəndir.

Mövzu ilə bağlı psixoloq Fatimə Bayramova Editor.az-a bildirib ki, sevgisizlik problemi yalnız bu əsrin məsələsi deyil:

“İnsan yaranandan bu barədə düşünə bilər – “Məni az sevirlər, bacımı və qardaşımı isə çox sevirlər” kimi hisslər hər zaman mövcud olub. Sadəcə, bu düşüncələrin düzgün ifadə olunma forması kifayət qədər təbliğ edilmir. Bu, istər seriallarda, istər sosial şəbəkələrdə yayılan xəbərlərdə özünü göstərə bilər. Məsələn, Qubada baş vermiş bir hadisə haqqında xəbər yeniyetmə üçün ideya mənbəyi ola bilər, hətta bu cür xəbər olmasa belə, adi filmlər və ya seriallar da emosional təsir yarada bilər.

Buradakı əsas məsələ odur ki, valideyn və uşaq münasibətləri zamanı hər iki tərəf öz hisslərini düzgün şəkildə ifadə etməyi bacarmalıdır. Valideyn və uşaq arasında xoşbəxt münasibət o zaman yaranır ki, hər iki tərəf istədiklərini və hisslərini açıq şəkildə dilə gətirə bilsin. Çünki bəzən valideyn uşağın hiss etdiyi şeyi dərhal anlamaya bilər. Məsələn, oğlan uşaqları Azərbaycanda daha sərt, qızlar isə daha nazlı tərbiyə olunduğu üçün, bəzi hallarda uşağın hissləri düzgün dərk olunmaya bilər və ya valideyn tərəfindən izah edilmədən tətbiq olunan tərbiyə formaları onu çaşdıra bilər”.

Psixoloq bildirib ki, hər bir valideyn uşaqlıqdan həyata keçirdiyi hərəkətin səbəbini uşağa izah etməlidir:

“Məsələn, uşağın kompüter və ya telefon istifadəsinə qadağa qoyulursa, qadağanın səbəbini açıqlamaq vacibdir. Əks halda, uşaq valideyni düşmən kimi qəbul edə bilər. Amma səbəb izah olunduqda, uşaq valideyni qoruyan bir insan kimi görür və hərəkətləri daha asan qəbul edir. Bu, uşağın emosional çətin dövrlərində hisslərini düzgün şəkildə ifadə etməsinə kömək edir.

Digər tərəfdən, diqqət çəkmək məqsədilə radikal davranışlar da baş verə bilər. Bəzən yeniyetmələr belə hallar zamanı özlərini ciddi təhlükəyə atmaq istəməsələr də, emosional böhran və histerik reaksiyalar müşahidə olunur. Yeniyetmələr duyğusal baxımdan hələ tam stabilləşmədikləri üçün, gördüklərini düzgün dərk edə və hisslərini ifadə edə bilmir, nəticədə davranışları bəzən yanlış anlaşılır.

Buna görə də uşaqların yaşadıqları hissləri düzgün şəkildə ifadə etmə bacarığını inkişaf etdirmək çox vacibdir. Bu mərhələdə yeniyetmələr daha çox diqqət və qayğıya ehtiyac duyurlar. Valideynin dəstəyi, onların emosional dünyasını anlamaq və hisslərini ifadə etmə imkanları yaratmaq, gələcəkdə sağlam və xoşbəxt fərdlərin formalaşmasına yardım edir.

Beləliklə, bu problem yalnız cari dövrün məsələi deyil. Əksinə, uşaqların emosional inkişafını dəstəkləmək və valideyn-uşaq münasibətlərini düzgün qurmaq, onların gələcəkdə balanslı, məsuliyyətli və yüksək mədəniyyətli fərd kimi yetişməsini təmin edən əsas şərtdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr