AZ

WUF13 kontekstində şəhərsalma və uşaq hüquqları mövzusunda dəyirmi masa keçirilib » AzadMedia.az




Azərbaycanda uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində baş tutub. Görüş “Şəhərsalma və uşaq hüquqları: Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) kontekstində kompleks yanaşma” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətini və vətəndaş cəmiyyətinin bu beynəlxalq platformada fəal iştirakının vacibliyin vurğulayıb. Bildirib ki, tədbirin əsas məqsədi şəhər inkişafı prosesində uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət qurumları və vətəndaş cəmiyyəti arasında dialoqu gücləndirmək və mövzunu prioritet istiqamət kimi diqqətdə saxlamaqdır.
Daha sonra çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi sədri Kəmalə Aşumova bildirib ki, şəhərsalma yalnız infrastruktur məsələsi deyil, eyni zamanda sosial ədalət mövzusudur. Onun sözlərinə görə, şəhər inkişafı proseslərində bütün uşaqların hüquqları balanslı şəkildə nəzərə alınmalıdır. Region, şəhər və kənd mühitində uşaqların üzləşdiyi problemlər koordinasiyalı və kompleks yanaşma tələb edir. Həmçinin “Uşaq hüquqları haqqında” qanunun yenilənməsi mərhələsində bu müzakirələrin xüsusi aktuallıq daşıdığı diqqətə çatdırılıb.
BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave çıxışında qeyd edib ki, uşaqların şəhərsalma proseslərinə cəlb olunması sosial həmrəyliyi və uzunmüddətli dayanıqlılığı gücləndirir. O vurğulayıb ki, müasir yanaşma artıq “uşaqlar üçün planlaşdırma” modelindən “uşaqlarla birlikdə planlaşdırma” modelinə keçidi tələb edir.
İştirakçılar urbanizasiyanın uşaqların hüquq və rifahına təsiri, şəhər mühitində mövcud risklər və struktur çağırışlar, şəhər siyasətində uşağa yönəlik inklüziv yanaşmanın əhəmiyyəti, eləcə də WUF13 və UN-Habitat-ın beynəlxalq təcrübəsi ətrafında fikir mübadiləsi aparıblar.
Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri xanım Hicran Hüseynova Tədbirdə çıxış edərək urbanizasiya proseslərində insan amilinin əsas prioritet olduğunu vurğuladı. O, müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərlərin salınması zamanı insanların, xüsusilə uşaqların rifahı, təhlükəsizliyi və sosial təminatının nəzərə alınmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Hicran xanım bildirdi ki, Prezident tərəfindən “Şəhərsalma və Memarlıq İli”nin elan olunması, eyni zamanda “Uşaq hüquqları haqqında” yeni qanunun birinci oxunuşdan keçməsi fonunda bu mövzuda tədbirin keçirilməsi xüsusi aktuallıq daşıyır. Şəhərsalma prosesində insan mərkəzli yanaşma tətbiq olunmalı, uşaqların təhlükəsiz mühitdə yaşaması, sağlam inkişafı və bərabər imkanlara malik olması planlaşdırma mərhələsindən etibarən diqqətdə saxlanılmalıdır. O, bu istiqamətdə qanunvericilik təşəbbüslərinin və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının əhəmiyyətini də xüsusi vurğuladı.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü,Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov çıxış edərək vətəndaş cəmiyyəti nümayəndəsi kimi uzun illər QHT sektorunda fəaliyyət göstərdiyini və bu çərçivədə Bakı şəhərində Daxili İşlər Nazirliyi ilə birgə yol təhlükəsizliyi layihələrinin həyata keçirdiyini qeyd etdi. Hazırda millət vəkili təmsil etdiyi Sabunçu rayonunun bir sıra qəsəbələri üzrə müşahidələri zamanı uşaqların asudə vaxtının təşkili, park və ictimai məkanların çatışmazlığı kimi problemlər olduğu və bu istiqamətdə mühüm addımların atılmasını vurğuladı. Azər müəllim qeyd etdi ki, bu kimi mövzular yalnız dövlət qurumları müstəvisində deyil, eyni zamanda bələdiyyələr və yerli icra qurumları ilə əməkdaşlıq çərçivəsində də müzakirə olunmalı, bu əsasda geniş maarifləndirmə və təbliğat işləri aparılmalıdır. O, şəhər mühitində mövcud infrastruktur çətinliklərinə də toxunaraq, beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin ölkəmizdə tətbiqinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış edərək ictimai iştirakçılıq məsələsinə xüsusi diqqət yetirib. O vurğulayıbdı ki, hazırlanmış strategiya və fəaliyyət planlarında vətəndaş cəmiyyətinin və ictimaiyyətin iştirakı hələ də yetərincə təmin olunmur. Ə. Nuriyev şəhərlərin uşaq mərkəzli və “uşaq dostu” prinsipi əsasında planlaşdırılmasının vacibliyini qeyd edərək, hər bir uşağın məktəbdən evə və evdən məktəbə təhlükəsiz şəkildə hərəkət edə bilməsinin əsas göstəricilərdən biri olduğunu bildirdi. O, şəhərsalma prosesində yalnız memar və tikinti şirkətlərinin deyil, sakinlərin və uşaqların fikirlərinin də öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin bəzən əvvəlcə yaşayış binaları inşa edilir, daha sonra isə uşaqların rifahı və asudə vaxtı üçün məkan axtarılır ki, bu da bir çox hallarda problemlərə səbəb olur. Ə. Nuriyev “Şəhərləri böyüklər planlaşdırır, amma onun nə dərəcədə keyfiyyətli olmasını uşaqlar müəyyən edir.” mühüm mesaj səsləndirərək bir daha qurumların birgə kompleks şəkildə fəaliyyətinin önəmliyini və bu cür layihələrdə uşaq təsirinin qiymətləndirilməsinin və ictimai iştirakçılığın gücləndirilməsinin vacibliyini tədbir iştirakçılarına çatdırdı.
ADA Universitetinin Tədris işləri üzrə prorektor müşaviri, dosent Anar Vəliyev çıxışında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, bu cür platformalar dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoqun gücləndirilməsinə, ictimai iştirakın genişləndirilməsinə və davamlı əməkdaşlıq mexanizmlərinin formalaşmasına xidmət edir. O, bildirdi ki, bu formatdakı təşəbbüslər cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında, müvafiq sahənin inkişafında və dövlət siyasətinin ardıcıl dəstəklənməsində mühüm rol oynayır.
Tədbirdə uşaq hüquqları sahəsində, xüsusilə çətin həyat şəraitində yaşayan və əlilliyi olan uşaqların şəhər mühitində təhlükəsizliyi və əlçatanlıq məsələlərinə toxunmaq üçün Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov çıxış etdi. A. Xəlilov vurğuladı ki, şəhər mühiti planlaşdırılarkən inklüzivlik əsas prinsip kimi qəbul olunmalı, əlilliyi olan uşaqların hərəkət azadlığı, təhsil müəssisələrinə, ictimai məkanlara və nəqliyyata təhlükəsiz və maneəsiz çıxışı təmin edilməlidir. O qeyd etdi ki, fiziki infrastrukturla yanaşı, sosial münasibətlər və ictimai şüur da inklüziv şəhər mühitinin formalaşmasında mühüm rol oynayır. Çıxışında o, böyük layihələr və şəhərsalma proqramlarında əlilliyi olan uşaqların ehtiyaclarının əvvəlcədən nəzərə alınmasının, universal dizayn prinsiplərinin tətbiqinin və ictimai iştirakçılığın gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.
PMO.AZ layihə rəhbəri Zeynab xanım çıxışında binaların “yaşıl” sertifikasiyası istiqamətinin inkişafının və tikinti və şəhərsalma sahəsində davamlı standartların tətbiqinin vacibliyini vurğuladı.O,qeyd etdi ki, həyata keçirilən layihə çərçivəsində xüsusilə gənclərin hazırlanmasına-layihələndirmə, planlaşdırma və layihələrin qiymətləndirilməsi sahəsində praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, şirkətlərlə əməkdaşlıq və gənc mütəxəssislərin “yaşıl” sertifikasiya proseslərinə cəlb olunması peşəkar kompetensiyaların formalaşmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə və sahənin davamlı inkişafına töhfə verir.
Tədbirdə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ombudsman Aparatının, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Regional İnkişaf İctimai Birliyinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzinin, Azərbaycan Memarlar İttifaqının, Qeyri-Hökumət Təşkilatlarının və Media nümayəndələri iştirak etdi.
Tədbir interaktiv və geniş müzakirələr şəraitində başa çatdı.
Seçilən
57
1
azadmedia.az

2Mənbələr